Mirlətif Ağayev: Ordumuzun 247 yaralıya yardım etmiş həkimi
Şəhidlər / II qarabağ 09 may 2022, 10:49Mirlətif Mirislam oğlu Ağayev 20 noyabr 1990-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 1997-ci ildə Göytəpə şəhər 1 saylı tam orta məktəbdə təhsilinə başlayıb, 2008-ci ildə həmin məktəbi bitirib. Elə həmin il Tibb Universitetinə daxil olub, 2013-cü ildə ali təhsilini başa vurduqdan sonra isə hərbi xidmətə yollanıb. O, Ordu sıralarında zabit kimi xidmət edərək 2015-ci ildə ehtiyata buraxılmışdı.
Azərbaycan Ordusunun leytenantı olan hərbi-tibb qulluqçusu Mirlətif Ağayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. 247 yaralı əsgəri, 20 şəhidi döyüş meydanından çıxarıb. Özü isə oktyabrın 26-da Qubadlı döyüşləri zamanı şəhid olub. Noyabr ayının 7-də ata yurdu olan Ləkin kəndində torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirlətif Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.