32

Paşazaddə Cavi Telman oğlu

Şəhidlər / II qarabağ



Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri də Cavid Telman oğlu Paşazadədir. O, 2001-ci ildə Bakının Sulutəpə qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini bacıları ilə birlikdə 217 nömrəli orta məktəbdə alıb.
Ardınca orta-ixtisas təhsilinə yiyələnsə də, hərbi xidmətə yollanmağa və təhsilinə sonra davam etməyə qərar verib.
Döyüşlərə Füzuli-Cəbrayıl istiqamətində başlayan Cavid işğaldan azad olunan torpaqların müdafiəsi və mühafizəsi işində aktiv iştirak edir. Telefon danışıqlarında isə atasına narahat olmamağı tövsiyə edir: “Hamıya rahatlıq verirdi. Elə danışırdı ki, hamımız üçün gözlənilməz idi. Səsinin tembrindən də narahatlıq hiss olunmurdu”.
Sonuncu döyüş yeri olan Xocavənddə düşməndən azad olunan əraziləri qorumaq üçün saatlarla mübarizə aparır: “Dörd nəfər postda dörd saat yarım döyüşüblər. Qardaşım onun cənazəsini götürməyə gedəndə komandiri özü deyib. Deyib ki, dörd saatdan artıq qəhrəmancasına döyüşüb, postu təhvil verməyiblər”.
Gənc əsgər oktyabrın 29-da - bacısının doğum günündə evə gələcəyinə söz verir. Elə də olur, Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan Cavidin nəşi söz verdiyi gün evlərinə gətirilir.
Onun necə vurulduğunu öyrənən anası bir daha əmin olur ki, şəhidlik əvvəldən oğlunun taleyi imiş: “Yaralı əsgər bizə danışdı ki, oturmuşduq yemək yeməyə. Cavid özü oturmadı, yerini mənə verdi ki, sənə narahat olar, keç bu tərəfə. Yerimizi dəyişəndən heç bir dəqiqə keçmədi ki, minomyot atıldı, mən qolumdan yaralandım, Cavid isə şəhid oldu. Hər gün elə bilirəm yalandır. Aprel ayı gələcək, Cavid də çıxıb gələcək. Hələ də gözləyirəm”.
Qeyd edək ki, şəhid əsgər Cavid Paşazadə ölümündən sonra “Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Oxşar xəbərlər:

Back to Top