Abşeron rayonunda şəhid Rasim Abdullayevin 45-ci doğum günü silsilə tədbirlərlə qeyd edilmişdir
Tədbirlər 22 fev 2022, 12:33Azərbaycanın zəfəri ilə başa çatmış 44 günlük Vətən Müharibəsi zamanı şəhid olmuş ən yüksək rütbəli hərbi həkim, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Tibb Xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun (21.02.1975-16.11.2020) anadan olmasının 45-ci ili münasibəti ilə Abşeron rayonunda Abidə Bulaq Kompleksi istifadəyə verilmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür.
İştirakçılar daha sonra Bakı-Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsində yeni inşa edilən Abidə Bulaq Kompleksinin istifadəyə verilməsində iştirak etmişlər.
Bildirilmişdir ki, şəhid Rasim Abdullayevin adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilən Abidə Bulaq Kompleksi qara mərmərdən hazırlanmış, əraziyə su və kanalizasiya xətti çəkilmiş, şəhid haqqında zəruri məlumatlar abidəyə həkk olunmuşdur.
Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən müvafiq göstəriş və tapşırıqlara uyğun olaraq kompleksin ətrafında mini park yaradılmış, ərazidə həmişəyaşıl ağac və gül kolları əkilmiş, müasir standartlara uyğun oturacaqlar və zibil yeşikləri quraşdırılmış, yol kənarındakı hasarların rənglənməsi həyata keçirilmiş və ərazidə ümumi şəkildə təmir-abadlıq işləri aparılmışdır.
Tədbirdə şəhid Rasim Abdullayevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılmış, məktəblilər tərəfindən vətənpərvərliyə və qələbəyə aid şeirlər səsləndirilmişdir.
Sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid Rasim Abdullayevin həyat və fəaliyyətini və müxtəlif dövrlərdə qələmə aldığı şeirləri özündə əks etdirən “Son nida” kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Aqil Məmmədov, şəhid ailələri və rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbirdə Abşeron məktəbliləri şəhid Rasim Abdullayevin şeirlərini səsləndirmişlər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev günün sonunda şəhid Rasim Abdullayevin əvvəllər yaşadığı evinə gedərək onun ailə üzvləri ilə görüşüb. Ailənin problemləri, qayğıları ilə maraqlanıb. RİH başçısı Abşeron rayonunda bundan sonra da şəhid ailələrinə və qazilərə diqqət və qayğının daimi olaraq göstəriləcəyini bildirmişdir.
Şəhid Rasim Abdullayevin ailəsi onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.