Masazırda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
Tədbirlər 08 may 2022, 22:21Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə müdəqqəs Ramazan Bayramı ərəfəsində rayonun Masazır qəsəbəsində də şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Ziyafətdə əvvəlcə şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gülnar Rəhimova müqəddəs Ramazan ayı münasibətilə iştirakçıları təbrik edib. O, iftar məclisində iştirak edən ailələrin qəhrəmanlarımızın bizlərə əmanətləri olduğunu, məhz həmin oğullarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında tarix yazdığını, 44 gün davam edən haqq savaşımızda şücaət göstərərək, düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı işğaldan azad etməklə xalqımıza möhtəşəm Qələbə bəxş etdiklərini diqqətə çatdırıb. G.Rəhimova bildirib ki, qazanılmış tarixi Qələbə ölkəmizin gücünü dünyaya göstərib, Vətəninə, dövlətinə bağlı olan, torpağını hər şeydən çox sevən igidlərin Vətən uğrunda şəhid olmağa hazır olduqlarını sübut edib.
RİH başçısının müavini diqqətə çatdırıb ki, ölkəmizdə şəhid ailələri, qazilər Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın hər zaman diqqət mərkəzindədirlər. Dövlətimiz şəhid ailələrini və qaziləri düşündürən məsələlərin dərhal həlli üçün bütün imkanlarını səfərbər edib.
YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Abşeron filialının sədri Xudakərim Əhmədov, Milli Qəhrəmanları tanıtım ictimai Birliyinin Abşeron rayon Təşkilatının üzvləri və başqaları Vətən üçün canından keçən şəhidlərin xatirəsinin əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacağını bildiriblər.
Şəhid ailələri adından Mələk Həsənova, Kifayət Əliyeva və Xatirə İsmayılova çıxış edərək, onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını, rastlaşdıqları problemlərin yerində həll olunduğunu deyib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda din xadimləri şəhidlərin əziz ruhlarına dualar oxuyublar.