Abbasov Sidqi Səməndər oğlu
Şəhidlər / I qarabağ 08 may 2022, 22:27Sidqi Səməndər oğlu Abbasov 4 may 1969-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında – Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1986-cı ildə Nərimanlı kənd orta məktəbini bitirərək hərbi xidmətə yollanıb. Rusiyanın Arxangelsk vilayətindəki hərbi hissədə snayper – kəskin nişançı kimi iki il əsgəri vəzifəsini yerinə yetirib. S.Abbasov əsgərlikdə olduğu illərdə Ermənistan siyasi rəhbərliyi azərbaycanlılara qarşı deportasiya siyasəti yürütməyə başlayıb. Yüz minlərlə soydaşımız kimi onun valideynləri və bacı-qardaşları da öz doğma el-obasını, ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Sidqinin ailə üzvləri əvvəl Bakı şəhərində, sonra isə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşmalı olublar. Doğulub boya-başa çatdığı kənddən əsgərliyə yola salınan S.Abbasov 1988-ci ilin sonunda xidmətini başa vuraraq birbaşa Mehdiabad qəsəbəsinə gəlib. Bir müddət sonra Bakı Metropolitenində işə düzəlib, qaçqınçılıqla üzləşən, həyatlarını təkrar sıfırdan başlayan, ev-eşik qurmağa çalışan ailəsinə çalışmaqla dəstək olmağa başlayıb. 1993-cü ildə ulu öndər Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət edəndən sonra çoxları kimi S.Abbasov da cəbhəyə yollanmaq qərarına gəlib. Bakı Metropoliteninin o zamankı rəhbərliyinə istəyini, məqsədini çatdırıb. Metropolitenin rəisi də Sidqinin istəyini nəzərə alıb və könüllülərdən ibarət dəstə yaradanda onu da bura cəlb edib. Qısa müddət hərbi hazırlıqdan sonra o, cəbhəyə yola salınıb. Bir çox döyüşlərdə iştirak edib, yaşayış məntəqələrimizin yağı düşməndən azad edilməsində qəhrəmanlıq və şücaət göstərib. S.Abbasov 1994-cü il yanvar ayının 5-də Füzuli rayonunun Kürdmahmudlu kəndinin erməni qəsbkarlarından təmizlənməsi əməliyyatı zamanı düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb. Ölümündən 4 gün sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən oğul-qızlarımızın uyuduğu müqəddəs Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də – Sidqi Abbasovun şəhid olduğu gün Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizlənib. Beləliklə də cəbhə yoldaşları Sidqinin və digər şəhidlərimizin qisasını alıb. Azərbaycanın müharibənin gedişində bu cür dönüş yaratması, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi hərbi nailiyyətlər Ermənistanı, eləcə də bu işğalçı dövləti müdafiə edən qüvvələri ciddi təşvişə salıb.