Elnur Hacıyev:"Əsgərimi döyüş meydanında qoyub, geri çəkilsəm, mənim adım, şərəfim nə olar?!"
Şəhidlər / II qarabağ 28 iyn 2022, 11:02Elnur Yaqub oğlu Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub.1986-1996-cı illərdə Ucar şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində oxuyub. Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. O, 2002-2006-cı illərdə Qobustan, 2006-2011-ci illərdə Tovuz, 2011-2015-ci illərdə Ağdam, 2015-2019-cu illərdə Gədəbəy, 2019-cu ildə isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib. Elnurun özündən sonra bir qızı yadigar qalıb.
Mayoru Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub. O, Ucar Şəhidlər Xiyabanında dəfn edilib.
Mayor Elnur Hacıyev xidməti boyunca qüsursuz fəaliyyətinə görə ölümündən əvvəl «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı və «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalına layiq görülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Hacıyev ölümündən sonra "Vətən uğrunda", «Suqovuşanın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Şəhidimizin anası Hicran xanımın dediklərindən:
"Oğlum evdən çıxıb Hərbi Səfərbərlik İdarəsinə gedib. Oradan da birbaşa Bərdəyə aparıblar. Bərdədə bir yaxın dostu ilə görüşüb, belindəki hərbi kəmərini də açıb ona bağışlayıb. Elə bil qayıtmayacağı ürəyinə damıbmış. Oradan birbaşa döyüşə yollanıb. Elnurda əsl hərbiçi, döyüşçü xasiyyəti, qəhrəman hünəri var idi. Hələ müharibədən öncə qulluq etdiyi vaxt əsgərlərindən, onların halından, xasiyyətindən danışmağı sevərdi. Əsgəri öz övladı bilərdi. Əsgərləri də həmişə onu, ən əziz dostu, qardaşı sanardı. Son tikəsini də əsgəri ilə bölərdi. Özü yeməzdi, əsgərinə yedizdirərdi…"
Ana şəhid balası haqqında danışmağa davam edir:
"Elnur oktyabrın 17-də günorta vaxtı zəng etmişdi. Narahat olduğumu dedim. Dedim top səsi evimizin içinə kimi gəlir. Hətta düşmən raket zərbəsi ilə qonşu Alpout kəndini vurduğunu dedim. “Narahat olma”, dedi. Gülürdü… Bizə dedi ki, “Ora da raket düşə biləcəyindən narahatsınızsa, gedin Bakıya”. Bakıda ev almışdı. 2019-cu ildə dekabırın 31-də evinə yığışmışdı. İnanın, üç gün dostları başına yığışıb, yeyib, içib, deyib gülmüşdülər. Çox dostpərəst idi, balam.
Dedi ki, “Bu dəqiqə dostlarıma deyəcəm gəlib sizi Bakıya aparsınlar”. Aradan heç bir saat keçmədi, dostu gəldi. Bacısıgili göndərdim, Bakıya. Amma özüm getmədim. Sən demə, elə həmin gün Elnur Hadrut uğrunda gedən döyüşlərdə ayağından və qarnından yaralanıbmış. Döyüş yoldaşları, əsgərləri nə qədər xahiş edib, dilə tutublarsa ki, geri çəkil, müalicə al. Razı olmayıb. “Mən bir zabitəm. Əsgərimi döyüş meydanında qoyub, geri çəkilsəm, mənim adım, şərəfim nə olar ”, deyib. Özü öz yarasını sarıyıb. Döyüş yoldaşları deyir ki, Suqovuşan uğrunda gedən döyüşlərdə Elnurun komandirlik etdiyi qrup mühasirəyə düşür. Düşmənlə qeyri bərabər döyüşdə Elnurgilin döyüş sursatı tükənmək üzrəymiş.
Elnurum əsgərlərinə deyib ki, nə mövqeden geri çəkilmək var, nə də təslim olmaq. Son patronumuza qədər döyüşəcəyik. Əgər son anda başqa çıxış yolu olmasa özümüzü şəhid edəcəyik. Balam döyüşə gedəndən şəhidliyə hazır idi. Son anda Xüsusi Təyinatlılar gəlir, həm Suqovuşanı azad edirlər ,həm də Elnurun dəstəsi mühasirədən çıxır".
Ana ürəyi həssasdır, oğlunun başına nəsə bir iş gəldiyini hiss edib:
"Oktyabrın 17-si axşamüstü saat 5 olar-olmaz məni darıxmaq tutdu. Elə bildim boğuluram. Havam çatışmırdı. Nəfəsim sanki kəsilmişdi.Tez Elnurun nömrəsini yığdım. Zəng çatmırdı. Ardıcıl olaraq zəng vururdum. Bacısı Elnarəni də Bakıya yola salmışdım. Tez Elnarəyə zəng edib Elnurumun başında bir iş olduğunu dedim. Elnarə mənə təsəlli verməyə çalışdı…"
"Ailədə üç uşaq idik. Elnur ortancılımızdır. Atam çox ciddi adam idi. Zarafatı, lağ-lağanı heç sevməzdi. Amma Elnurun bir başqa xasiyyəti var idi. Elnur olan yerdə ne televizor ya da düşərdi, nə teatr. Adamın könlünü açmaq, zarafat etmək, gülmək, danışmaq üçün gəlmişdi bu dünyaya. Elnur elə bir insan idi ki, hər sözünü, hər dərdini ona demək olardı. Adamın ürəyindən tikan çıxaran qardaş idi. Gözəl dost idi. Gözəl ata, gözəl ər, təkrar olunmaz oğul idi. Hamının yerini bilən, ağzının tikəsini, cibinin qazancını bölməyi bacaran biri idi. Uşaq olanda gecələr baş-başa verib səhərə qədər söbət edərdik. Bəzən atam yatmadığımızı bilib, bizə acıqlanardı. “Guya səhər bunlar bir-birini görməyəcək, yatın, sabah yenə söhbət edərsiniz”, deyərdi. Bacım xəstələnmişdi. İnanın, imkanı olsaydı Elnur öz canından ona pay verərdi. Ömründən kəsib ömrünə ömür calayardı. Elnur elə bir insan idi..." , bacısı Elnarə qardaşıyla bağlı xoş xatirələrini bölüşür.
"Anam mənə Elnurun nömrəsinə zəng çatmadığını deyən kimi mən də ona ardıcıl olaraq zəng vurmağa başladım. Telefonuna zəng çatmırdı. Sürücüdən xaiş etdim ki, geri dönək. Daha Bakıya gedəsi olmadım. Sən demə, artıq bütün Ucar bu xəbəri eşidibmiş. Mən Ucara çatanda gördüm ki, bütün evimizin ətrafı, küçələr adamla dolub. İcra Hakimiyyətinə məlumat daxil olan kimi, birbaşa evimizə deməyiblər. Vəfa xalama xəbər veriblər. Xalamgil də bizə gəlib qardaşımın yaralandığını dedi. Şəhid olma xəbərini deməyə ürəyi gəlməmişdi xalamın. Artıq bizə hər şey aydın idi…" , Elnarə xanım deyir.
Dəniz qüvvələrinin hərbi qulluqçusu, polkovnik-leytenant Məmməd Əliyev də şəhid mayor Elnur Hacıyev haqqında fikirlərini böüşür:
"Biz Elnurla 1997 ci ildə Ali Dənizçilik Akademiyasına qəbul olarkən tanış olmuşduq. Elnur orta məktəbdən, mən isə C.Naxçıvanski adına hərbi liseyi bitirib gəlmişdim. Tale elə gətirdi ki, biz kurs yoldaşı, otaq yoldaşı olduq. Eyni kimya ixtisası üzrə 8 uşaq qəbul olmuşduq. Təəssüf ki, cəmi beşimiz məktəbi bitirə bildik. Hərbi məktəbin öz qanunları, özünəməxsus çətinlikləri olur. Təbii ki, buna hamı dözə bilmir. Elnurda əsl hərbiçi xarakteri, səbr, dözüm, dəyanət var idi. Elnur bir kişilik məktəbi idi. Ondan ancaq yaxşı nisə öyrənmək olardı. İlk tanışlıqdan münasibətlərimiz möhkəm dostluğa, qardaşlığa döndü. Bir-birimizin xeyrində, şərində iştirak edərdik. Məktəbi bitirəndən sonra bir müddət Qobustanda yerləşən N sayli hərbi hissədə birgə xidmətdə də olduq. Sonra Elnur raport yazıb könüllü döyüş bölgəsinə getmək istədiyini bildirdi, mən isə Hərbi Dəniz Qüvvələrində qulluğumu davam etdirməli oldum. Elnur hər Bakıya gələndə biz görüşərdik, xatirələri təzələyərdik.Elnur çox nikbin, ümidli, həyat eşqi olan adam idi. Baməzə zarafatlarından, özünün düzüb-qoşduğu lətifələrin duzundan doymaq olmurdu ki… Bakıya gəlməmişdən öncə zəng edib məlumat verir, bizi başına toplayırdı. Qüsursuz xidmətini başa vurub, təqaüdə çıxmışdı. Bakıda da ev almışdı.Görüşlərimiz intensivləşmişdi. Qəfil müharibə başladı. Mən bilirdim ki, Elnur o adamlardan deyildi ki, “mənə nə”, deyib, özünü arxaya verəydi. Elnurun ürəyi düşmənə qəzəblə, kinlə dolu idi. O, torpaqlarımızın erməni işğalında olmasını həzm etməyən şərəfli zabitlərdən idi. Və könüllü müharibəyə də getdi… Döyüşdə olanda da əlaqəmizi kəsməmişdik. Bir gün telefonuna zəng çatmadı. Sən demə, Allah Azərbaycan Ordusununda çox şərəfli bir zabiti, bizdən, ailəsindən isə gözəl bir dostu, gözəl bir insanı alıbmış. İndi təsəllini onun qəbri üstə getməklə,bir də bizə əmanət olan qızı ilə tapırıq"…