Ələkbərov Röyal Fərmayıl oğlu
Şəhidlər / II qarabağ 04 okt 2022, 12:16Röyal Ələkbərov Fərmayıl oğlu 1994-cü ilin iyun ayının 23-də Naxçıvan Muxtar Respublikası Qıvraq kəndində anadan olub. 2000-ci ilin sentyabr ayında Qıvraq kənd 1 saylı tam orta məktəbinə gedib. 2008-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə liseyi bitirərək, Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub
Röyal 2015-ci ildə leytenant rütbəsi alaraq məzun olub və Daşkəsəndə yerləşən “N” saylı Hərbi Hissənin tağım komandiri vəzifəsində xidmətə başlayıb.və 2018-ci ilədək Murovdağ yüksəkliyində xidmətini davam etdirib. 2018-ci ildə baş leytenant rütbəsi alıb. 2018-2020-ci illərdə Gəncədə “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edib.
Röyalın böyük əmisi Əbdül Ələkbərov zabit, atası və digər əmiləri isə müddətdən artıq hərbçi olduğuna görə Röyal Fərmayıl oğlu Ələkbərov qarşısına bir məqsəd qoydu. Ali təhsilli hərbçi olacaq və İkinci Qarabağ savaşında iştirak etmək üçün cəsur döyüşçü kimi vətənə xidmət edəcəkdir. Baş leytenant Röyalın arzuladığı gün 2020-ci ilin sentyabrında başlandı.
27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ Savaşına qoşulan baş leytenant Röyal Fərmayıl oğlu Ələkbərov 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qarşıya qoyulan tapşırıqları şərəflə yerinə yetirərkən şəhadətə ucalıb.
İkinci Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Röyal Fərmayıl oğlu Ələkbərov ölümündən sonra "Vətən uğrunda" və Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.