Əlizadə Eltac İsmayıl oğlu
Şəhidlər / II qarabağ 05 okt 2022, 10:14Eltac İsmayıl oğlu Əlizadə 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çataq kəndində anadan olub. 2003–2014-cü illərdə X.Cəfərov adına Çataq kənd tam orta məktəbində, 2014–2018-ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alıb. Eltac 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Mülki həyata qayıdan sonra “Kristal Abseron” tikinti şirkətində mühafizəçi kimi fəaliyyətə başlayıb. Nişanlı idi.
2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi, hərbi təxribatından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə gedərək, könüllü olaraq orduya yazılıb. Nəhayət sentyabrda istəyi yerinə yetən Eltac xalqının Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub, əks-hücum əməliyyatlarında fəal iştirak edib. Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Sərrast pulemyotçu olan Eltac cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirib. Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşən Eltac 27 oktyabr 2020-ci ildə şəhadət şərbəti içib. Tovuz rayonunun Çataq kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac ölümündən sonra " Döyüşdə fərqlənməyə görə" medalı ilə də təltif edilib.
Həmçinin, şəhid Eltac Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.