34

Əli Ələkbərov: Şəhid olsam, üzülməyin...

Şəhidlər / II qarabağ



Ələkbərov Əli Ələkbər oğlu 12 oktyabr 1985-ci ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olub. Bakıdakı 157nömrəli məktəbin məzunu olub. İqtisad Universitetini bitirib.

Əli sonradan ailəsi ilə Bakıya köçüb. Xırdalan şəhərində yaşayıblar.

O, iyul ayında Tovuzda baş verən erməni təxribatlarından sonra orduya könüllü yazılır. General Polad Həşimovun şəhid olması ona çox pis təsir edir. Hər gün müharibənin başlamasını və torpaqların azad olunmasını arzulayır. 27 sentyabrda Azərbaycan qoşunlarının növbəti erməni təxribatına cavab olaraq başlatdığı əks-hücum əməliyyatı Əlini sevindirir. Yenidən hərbi komissarlığa yollanır və istəyinə nail olur. Oktyabrın 5-də Orduya çağırılır, döyüşlərə yola düşür. Oktyabrın 17-də cəbhənin Ağdərə-Ağdam istiqamətlərində gedən döyüşlərdə qərhəmancasına şəhid olur.
Şəhidimizin həyat yoldaşı Lalə Ələkbərova deyir ki,Əli sentyabrın 29-da hərbi komissarlığa yollanıb evə qayıtdıqdan sonra bir saat dayanmadan ağlayıb:“Evə gəldi və xeyli ağladı. Heç vaxt onun ağladığını görməmişdim. Səbəb isə o idi ki, hərbi komissarlıqda olarkən ora bir neçə şəhid nəşi gəlmişdi. Deyirdi ki, gənc insanlarımız şəhid olur və biz də müharibəyə getməliyik, döyüşməliyik. Əvvəl döyüşlərə gedəcəyini bizdən gizlədirdi. Sentyabrın 29-u gəldi, hərbi biletini götürdü. İlk müraciətində komissarlıqdan bildirilmişdi ki, əsgərimiz çoxdur və lazım olsa, sizinlə əlaqə saxlayacağıq. Müharibəyə getmək arzusu idi və Allah onun bu arzusunu eşitdi. Getdikdən sonra bizimlə əlaqə saxlayırdı. Lakin oktyabrın 15-dən sonra əlaqəmiz kəsildi. Gedərkən demişdi ki, mən son damla qanıma qədər döyüşəcəyəm”.

Şəhidin atası Ələkbər Ələkbərov da döyüşçü olub. O, ilk Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu məlumatı onun anası Rəna Bağırova verir:“Onun atası 1992-ci ildə olan Xocalı qətliamından sonra müharibəyə yollandı. Orada yaralılara kömək etdi. Füzulidə gedən döyüşlərdə də iştirakçı oldu. Bəlkə də Əliyə bu vətənpərvərlik atasından keçmişdi. Əli döyüşə gedərkən dedi ki, şəhid olsam, heç zaman üzülməyin..”

Əlinin qardaşı Sadıq bildirir ki, Əli döyüşə gedərkən övladlarını ona əmanət edib: “Mənə dedi ki, övladlarım sənə əmanətdir. Ailəmə yaxşı baxarsan.

Müdafiə Nazirliyinə gedərkən orada vəzifəli şəxs mənə bildirdi ki, 70 faiz şəhid xəbərinə hazırlaşın. Lakin anam xəstə olduğu üçün bunu iki gün ondan gizlətdim.

Topçu idi. Oktyabrın 11-12-si Tərtərdə idi. Oktyabrın 15-i danışanda dedi ki, Ağdamdayıq. Elə orada qəlpə yarası alaraq şəhid olub.

Noyabrın 12-si nəşini əmimgilə göstəriblər. Oktyabrın 17-dən torpaqda qalıb və meyiti tanınmaz halda idi. Üstündən sənədləri çıxdı. Uşağından DNK analizi götürdülər. Noyabrın 21-də DNK analizi dəqiqləşdi və cənazəsini göndərdilər”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Əli Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Oxşar xəbərlər:

Back to Top