Rəfail İşiyev: Yaralansa da 3 dəfə BMP ilə döyüşlərə qatılıb
Şəhidlər / II qarabağ 17 iyn 2022, 11:11Rəfail Əhmədağa oğlu İşiyev 4 sentyabr 1979-cu ildə Cəlilabad şəhərində müəllim ailəsində anadan olub. 1996-cı ildə Cəlilabad şəhər 8 saylı məktəbi bitirib hərbi xidmətə yollanıb. Rəfail ömrünün 16 ilini orduda keçirib. PDM (BMP) mütəxəssisi olub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Rəfail peşəkarlığına görə bir neçə dəfə hərbi paradlarda iştirak edib, medallarla təltif edilib. Rəfail Əhmədağa oğlu İşiyev hərbi xidməti dövründə xüsusi keyfiyyətlərinə, əməliyyatlarda göstərdiyi şücaətə görə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları ilə təltif edilib.
Rəfail Vətən Müharibəsində Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərdə onun idarə etdiyi BMP vurulub. Yaralanandıqdan 2 gün sonra yenidən döyüşlərə qatılıb. Yaralı döyüş yoldaşının BMP-sini idarə edərək Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub. Rəfailin texnikası ikinci dəfə də vurulub və özü də növbəti dəfə yaralanıb. Buna baxmayaraq bir müddət sonra yenidən erməni qəniməti olan 3-cü BMP ilə döyüşlərə qatılıraq düşmənə qan uddurub. Son döyüşü isə Xocavənd istiqamətində olub. Təcrübəli mütəxəssis 3 noyabrda şəhidlik zirvəsinə ucalıb. Şəhid Rafail İşiyev doğulduğu kənd qəbristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail İşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail İşiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Prezident İlham Əliyevin digər Sərəncamları ilə İşiyev ölümündən sonra “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına da layiq görülüb.
Şəhidin həyat yoldaşı Sevda İşiyeva mərhum barədə öz xatirələrini bölüşür:
“Evdə uşaqlara Vətən sevgisi aşılayırdı. Deyirdi ki, vətənpərvərliyi uşaqlara kiçik yaşlarından öyrətmək lazımdır”.
Şəhidimizin 10 yaşında və 7 yaşında iki oğul övladı yadigar qalıb.