
ADİL İLİÇ OĞLU MƏNSİMOV
Şəhidlər / I qarabağ 12 okt 2022, 09:22ADİL İLİÇ OĞLU MƏNSİMOV
1972-1992
(Saray qəsəbəsi)
1972-1992
(Saray qəsəbəsi)
Adil İliç oqlu Mənsimov 1972-ci il mart ayının 17-də Zəngəzur mahalının (indiki “Ermənistan"ın) Qafan rayonunun Qovşud kəndində anadan olmuşdu. Ailədə altı övladın (üç qardaş, üç bacı) dördüncüsü idi.
Adil hələ iki yaşında ikən - 1974-cü ildə valideynləri Qafandan Abşeron rayonunun Saray qəsəbəsinə köçüb gəlmişdilər. 1979-cu ildə o, Saray qəsəbə 2 saylı orta məktəbinə qəbul olunmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdi. Həmin il o, Ceyranbatan qəsəbəsindəki 147 saylı Texniki peşə məktəbinə daxil olur və 1990-cı ildə oranı bitirərək sürücülük peşəsinə yiyələnir.
1990-cı ilin may ayında Sovet ordusu sıralarına çağırılan Adil əsgəri xidmətini Vətəndən uzaqlarda
Almaniya Demokratik Respublikasında yerinə yetirməli olur. O, 1992-ci ildə ordudan tərxis olunaraq evlərinə qayıdır və Xırdalan qəsəbəsindəki təsərrüfat hesablı avtobazada sürücü işləməyə başlayır. Lakin az keçmir ki, onu yenidən hərbi xidmətə çağırırlar. Bu dəfə o, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda döyüşlərə qoşulur.
Adil ilk gündən özünü bacarıqlı, işgüzar və cəsur döyüşçü kimi göstərir, dəfələrlə erməni hərbi birləşmələri ilə üzbəüz döyüşlərdə iştirak edir, düşmənə qarşı qəhrəmanlıqla vuruşur.
Adilin son döyüşü 1992-ci il dekabr ayının 10-da Qubadlı rayonunun Seytaz kəndi uğrunda olur. 16 saatdan çox davam edən ağır və çətin döyüşdə o, özünü əsl Azərbaycan əsgəri kimi göstərir, düşmənin 10-dan artıq əsgər və zabitini məhv edir, son patronu qalana qadər qəhrəmancasına vuruşur, bir addım belə döyüş mövqeyindən geri durmur. Özü də bu döyüşdə həlak olur.
Anasının dediklərindən: "Adil Qubadlı bölgəsində olan zaman bir gecə yuxumu qarışdırmışdım. Sabahısı künü qarara kəldim ki, mütləq gedib ona baş çəkməliyəm. Həyat yoldaşım İliçlə Qubadlıya yola düşdük. Çox çətinliklə axtarıb Adilkilin hərbi hissəsini tapdIq. Çox xahiş-minnətdən sonra bizi Adilgil olan mevqeyə buraxdılar. Adili uşaqların arasında görməyəndə bərk narahat oldum. Lakin bir azdan Adili çaqırıb gətirdilər. Adil bizimlə görüşəndən sonra bura necə gəlib çıxmağımıza heyrətini gizlədə bilmədi, çünki oralarda döyüş gedirdi. Ustəlik bu qədər əziyyət çəkdiyimiz üçün bizi qınadı. Mənim ondan əl çəkmədiyimi, icazə alıb evə aparmaq istədiyimi görəndə isə zarafatla dedi ki, ay ana, az qalıb, qələbə çalıb evə qayıdan kimi, deyəcəm, ürəyin kimi istəsə gedib özünə gəlin alarsan”.
Lakin Adil anasına verdiyi bu sözə əməl edə bilmədi...Adili Saray qəsəbə qəbiristanlığında dəfn etdilər...
Bu cəsur Vətən oğlunun adı əbədiləşdirilərək vaxtilə yaşadığı küçəyə verilmişdir. Bundan başqa, qəsəbədəki “Xatirə” kompleksində adı əbədiləşdirilmişdir.
Adilin adını yaşatmaq üçün qardaşı Allahverən Oğluna onun adını vermişdir.
Ölümündən sonra 16 sentyabr 1994-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.