
TAHİR FİRUZ OĞLU XUDAVERDİYEV
Şəhidlər / I qarabağ 18 okt 2022, 15:441972-1994
(Xırdalan qəsəbəsi)[b][/b]
Tahir professional teatr səhnəsinə ilk dəfə beş yaşında, professor Mehdi Məmmədovun tənkidi ilə çıxmışdı. Teatra isə atası Azərbaycan Milli Akademik Dövlat Dram Teatrının aktyoru Firuz Xudaverdiyevlə gəlmişdi. Səhnədə ilk rolu C. Məmmədquluzadənin “Dəli yığıncağı” əsərində xəstə uşaq obrazı olmuşdu.
Sonra Tahir həmin teatrda daha neçə-neçə rollar oynadı, atasının sənət yoldaşları olan görkəmli səhnə ustalarımızla eyni tamaşalarda çıxış etdi, belə demək mümkünsə, “tərəf-müqabil” oldu. Onun bu bacarığı cəbhədə də özünü tez büruzə verdi.
Tahir əsgərləri tez- tez başına yığar, istirahət vaxtlarında onlara tanınmış səhnə adamlarının sənət və həyat taleyindən maraqlı əhvalatlar danışar, özü də hərdən tamaşalardan parçalar ifa edərdi. Tezliklə hərbi hissədə onu hamı “artist” deyə çağırmağa başlayır. Lakin bu, çox çəkmir, özü kimi, arzuları da yarımçıq qalır...
Tahir Firuz oqlu Xudaverdiyev 1972-ci il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuşdu. O, əvvəl Xırdalan qəsəbəsindəki 3 saylı orta məktəbi bitirmiş, sonra isə təhsilini Bakıdakı 10 saylı Texniki peşə məktəbində davam etdirmişdi.
Uşaqlıqdan teatra, incəsənətə böyük maraq göstərən Tahir Xırdalan orta musiqi məktəbini də bitirmişdi, gözəl qarmon çalırdı.
Uşaqlıqdan atası ilə bir yerdə müxtəlif teatr tamaşalarında çıxış edən Tahir teatr kollektivi ilə birgə dəfələrlə Azərbaycanın rayonlarında, hətta qonşu Gürcüstan Respublikasında qastrol səfərlərində olmuşdu.
Tahir 1992-ci il sentyabr ayının 20-də hərbi xidmətə çağırılaraq əvvəllər Ağdərə cəbhəsində düşmənə qarşı döyüşlərdə iştirak edir. Sonra onun döyüş yolu Ortakand, Sırxavənd, Çıldıran, Drmbon yaşayış məntəqələrindən keçir. Dəfələrlə ölümlə üz-üzə dayanır.
Belə döyüşlərin birində mühasirəyə düşdüklərini və hərbi sursatlarının tamamilə tükəndiyini görən Tahirgil özlərini ölülüyə vurub meyitlərin arasında uzanırlar. Erməni quldurları meyitlərə yaxınlaşıb onları bir-bir təpikləyirlər. Həmin təpik zərbələri Tahirə və dostlarına da dəyir. Lakin hava qaraldığından bir şey başa düşə bilmir və hamısını ölmüş bilib çıxıb gedirlər. Səhər köməyə gələn əsgərlərimiz Tahirgili müasirədən çıxarmağa müvəffəq olurlar.
Ağdərə hərbi hissələrimiz tərəfindən geri alındıqdan sonra Tahir Füzuli cəbhəsində döyüşür. Bu döyüşlərin birində — 1994-cü il aprelin 16-da Tahir ağır yaralanmış yoldaşı Akifi xilas etmək üçün onu döyüş meydanından çıxarmağa çalışarkən ayağı altında partlayan düşmən mərmisindən yaralanıb yerə çökür. Dikəlmək istəyərkən isə köksündən aldığı güllə yarası onun həyatına həmişəlik son qoyur.
Məzarı Xırdalan qəsəbə qəbiristanlığındadır.
Tahir subay idi. İki qardaşı, bir bacısı var. Atası Firuz Xudaverdiyev üçün bu itki ikiqat zərbə olur. Çünki təkcə oğlunu yox, həm də öz sənət davamçısını itirir.