ELŞƏN FEYRUZ OĞLU ABASQULİYEV
Şəhidlər / I qarabağ 12 okt 2022, 16:501973-1993
(Xırdalan qəsəbəsi)
1993-cu il yanvarın 19-u idi. Ağdərə bölgəsində düşmənlə üz-üzə dayanan döyüşçülərimiz bir azdan Orta Güney kəndi uqrunda yeni döyüşə atılacaqdılar. Döyüşdən əvvəl yoldaşları bu yaxınlarda ata olacaq dostları Elşəni dilə tuturlar ki, gəl sən bu döyüşə girmə dünyaya göz açacaq övladının üzünü gör, sonra nə qədər istərsən, döyüşərsən. Elşanin razılaşmadığını görən dostları onun əsgər çəkmələrini gizlətməyə məcbur olurlar ki, döyüşə gedə bilməsin. Qəfil döyüş başlanır. Yoldaşları bir də baxıb görürlər ki, Elşən ayaqyalın döyüş meydanındadır. Bu, Elşənin axırıncı döyüşü olur...
Elşən Feyruz oqlu Abasquliyev 1973-cü il aprel ayının 20-də Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olmuşdu. 1981-ci ildə qəsəbədəki 2 saylı orta məktəbin birinci sinfinə getmiş, sonra təhsilini 3 saylı orta məktəbdə və 94 saylı Texniki peşə məktəbində davam etdirmişdi.
1991-ci ildə peşə məktəbini bitirdikdən sonra təyinatla mebel hissələri yığma kombinatının yumşaq mebel hissələri yığma sexində işləyən Elşən həmin il də orta məktəbdən sevib-sevildiyi Dilarə Quliyeva ilə ailə qurur. Lakin bu xoşbəxtlik uzun sürmür.
1992-ci ildə Elşəni hərbi xidmətə çağırırlar.
Daxili qoşun hissələrində qulluq edən Elşən Ağdam, Sırxavand, Ağdərə, Tərtər, Novruzlu, Xaçın yaşayış
məntəqələri uğrunda döyüşlərdə iştirak edir. 1993-cu il yanvarın 19-da sonuncu dəfə döyüşə girir və düşmən snayperçiləri bu döyüdə onu başından vururlar. Döyüş yoldaşları Elşənin cənazəsini çox boyük çətinliklə döyüş meydanından çıxarmaqa muvəffəq olurlar.
Həmin hadisədən heç bir ay keçməmiş - fevralın 14-də Elşənin bir oğlu dünyaya gəlir...
Elşənin məzarı Bakıda şəhidlər Xiyabanındadır.