Namiq Quliyev: Döyüşlərə könüllü gedən şəhid
Şəhidlər / II qarabağ 28 iyn 2022, 10:09Namiq Natiq oğlu Quliyev 1994-cü il dekabrın 29-da Bakı şəhərində anadan olub. Ailənin yeganə övladı idi.
1996-cı ildə Namiq Quliyevin 2 yaşı olanda Quliyevlər ailəsi Moldovanın Kişinyov şəhərində yaşamağa başlayırlar. 2000-ci ildə Kişinyov şəhərində N. Qoqol adına Liseyin birinci sinfinə qəbul olan Namiq Quliyev, 2005-ci ilə qədər orada təhsil alıb. 2005-ci ildə Namiq Quliyevin anası Gülarə Quliyeva oğlunu məhz Azərbaycanlı ruhunda böyütmək istədiyindən, onunla birgə Moldovadan Azərbaycana qayıtmaq qərarına gəlir. Vətənə döndükdə ən böyük istəyi Azərbaycan dilini mükəmməl səviyyədə öyrənmək olan Namiq, qısa müddətdə buna nail olur. Namiq Quliyev təhsilini 2 nömrəli Texniкi Humanitar Liseydə davam edib və 8-ci sinfə qədər burada təhsil alıb. 9-11-ci siniflərdə Zərifə Əliyeva adına Liseydə təhsil alıb və 2012-ci ildə məzun olub. 2012-ci ildə M.V.Lomonosov adına Mosкva Dövlət Universitetinin "Tətbiqi Riyaziyyat" fakültəsinə daxil olan Namiq Quliyev, 2016-cı ildə "Kompüter elmləri" ixtisası üzrə ali təhsilini başa vurub. Hərbi xidmətini başa vurduğdan sonra "Uber" və "Simbrella" firmalarında çalışıb. Subay idi.
Namiq Quliyev 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdə artilleriyaçı olub və çavuş rütbəsi alıb. Namiq Quliyev hərbi xidmət zamanı da fərqlənib. O, aztəminatlı ailədən olan və bu səbəbdən universitetə qəbul ola bilməyən əsgərin birinə 12 ay ərzində riyaziyyat fənnindən dərs verib. Nəticədə həmin əsgər hərbi xidmətini başa vurduqdan sonra ATU-ya qəbul oldu.
Azərbaycan Ordusunun çavuşu olan Namiq Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qanunlara əsasən, tək övladlara edilən mümkün güzəştlərin ona olunmaması üçün, ailəsində tək övlad oluğunu hər kəsdən gizlədib, könüllü olaraq ön cəbhədə vuruşub.
Namiq Quliyev noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.