31

Hüseynov Rəhim Qədir oğlu

Şəhidlər / II qarabağ



Rəhim Qədir oğlu Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2001-2005-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 2005-2006-cı illərdə Silahlı qüvvələrin təlim və tədris mərkəzində oxuyub. O, ingilis, rus, erməni dillərini mükəmməl bilirdi. Şəhid mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmiş Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi. Rəhim Hüseynov 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək - qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində NATO Meritorious Service Medalı (NATO-nun xidmətə görə mükafat medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir. Şəhid mayor Rəhim Hüseynov xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbacan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil edib, Azərbaycan bayrağını şərəflə daşıyıb.
Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rəhim Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. Şəhid mayorumuz II Fəxri Xiyabanda dəfn edilib.
Sağlığında misilsiz xidmətlərinə görə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı, «Qüsursuz xidmətə görə» medalı (III dərəcə), «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı, «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalına layiq görülən Rəhim Hüseynov Prezident İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Qarabağ" ordeni ilə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Oxşar xəbərlər:

Back to Top