38

Cavanşir Əhmədov: Tələbə kimi yollanıb, şəhid kimi döndü

Şəhidlər / II qarabağ


Cavanşir Əhmədov Elxan oğlu 2001-ci il,may ayının 6-sı Xırdalan şəhərində anadan olub. 2007-ci ildə Xırdalan şəhərində yerləşən 1 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. Hələ uşaq yaşlarından idmana böyük maraq göstərib, ağır atletika ilə məşqul olub və bir neçə uğura imza atıb. 2018-ci ildə, orta məktəbi bitirdikdən sonra Bakı şəhərində yerləşən "Odlar Yurdu" Kollecinə daxil olub.

Cavanşir Əhmədov 8 iyul 2019-cu ildə təhsilini donduraraq, müddətli hərbi xidmətə yollanıb. Xidmətin bitməsinə 3 ay qalmış, 27 sentyabr 2020 - ci ildə İkinci Qarabağ müharibəsi başlayıb və Cavanşir Əhmədov müxtəlif istiqamətlərdə döyüşlərə qatılıb. Qubadlı, Zəngilan və Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il, noyabrın 4-də Laçın rayonunun Səfiyan kəndində vuruşub, hətta qolundan yaralansa belə, yarasını sarıyıb, yenidən döyüşə davam edib. Yaralı olduğu halda, döyüş yoldaşına kömək etmək istəyərkən, güllə böyrək nahiyyəsinə tuş gəlib və Cavanşir Əhmədov şəhid olub. Cavanşir Əhmədovun nəşi 26 noyabr 2020-ci il tarixində ailəsinə təhvil verilib və böyük izdihamla Bərdə rayonunun Alpoud kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cavanşir Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cavanşir Əhmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Oxşar xəbərlər:

Back to Top