Ermənilər saxta keçmişə əsaslanaraq gələcəyi də əldən verirlər
Xəbərlər 08 may 2022, 23:01Azərbaycan ərazilərində məskunlaşdırıldıqları vaxtdan ermənilər yerli əhaliyə qarşı zorakılıq etməyə, onları öz doğma torpaqlarından sıxışdıraraq çıxartmağa və həmin yerləri zəbt edərək mənimsəməyə başlayıblar. Sonralar bütövlükdə bu diyara tamamilə sahib çıxmaq niyyətilə tədricən azərbaycanlılara qarşı amansız qırğınlar, soyqırımlar törədiblər.
1988-ci ildən, əvvəllər dəfələrlə törətdikləri kimi, yenidən öz çirkin niyyətlərinə əl ataraq azərbaycanlıları doğulub boya-başa çatdıqları, tarixən Azərbaycana məxsus olan İrəvandan çıxartmışlar. Sonra isə Azərbaycanın dilbər güşələrindən olan Qarabağa əl uzadıblar. Lakin Qarabağ torpağının onlara məxsus olmadığını və olmayacağını anlayaraq orada dağıntılar törətməyə başlayıblar.
30 ilə yaxın işğal altında qalan Qarabağı, demək olar ki, xarabalığa çeviriblər. Bu ərazidə yerləşən kənd və şəhərlərimizin əksər hissəsini dağıdıblar. Qalın, sıx meşələrimizi doğrayıb satıblar. Yeraltı, yerüstü sərvətlərimizi talan ediblər. Ekologiyamıza ziyan vurublar, tarixi və mədəniyyət abidələrimizi dağıdıb, tariximizi silməyə, mənimsəməyə çalışıblar.
Ayrı-ayrı yerlərdə məskunlaşan erməniləri Ermənistan hökuməti qeyri-qanuni olaraq Kəlbəcərdə, Laçında, qismən isə Zəngilanda və Şuşada yerləşdirmişdir. Bu da beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır.
Lakin bu 30 illik müddət ərzində Azərbaycan heç vaxt işğalla barışmamışdır. Odur ki, ayağa qalxan Azərbaycan cəmi 44 gün ərzində öz torpaqlarını xain qonşuların əsarətindən qurtarmışdır. Əzəli-əbədi Azərbaycan torpaqlarında erməni vandallarının işğal müddətində etdikləri dağıntılar indi bərpa edilir, şəhər və kəndlərimizin əvvəlki görkəmi özünə qaytarılır.
44 günlük vətən müharibəsi başlayan andan qardaş Türkiyə Azərbaycanın yanında olmuş, mənəvi dəstək vermişdir. Bu da xalqımızı böyük qələbəyə daha da ruhlandırmışdır.
Azərbaycanın möhtəşəm qələbəsiylə başa çatan vətən müharibəsindən sonra Qarabağın incisi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə respublikaları arasında müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi” imzalanıb. Bəyannamədə beynəlxalq müstəvidə əməkdaşlıq, siyasi-iqtisadi, ticarət, mədəniyyət, təhsil, idman, gənclər, enerji təhlükəsizliyi, hərbi sahələrdən bəhs edilirdi.
Qardaş və müttəfiq Azərbaycan və Türkiyə respublikaları həmişə, hər bir çətinlikdə biri-birinin yanında olmuşdur. Şuşa Bəyannaməsi isə bütün dünyaya bir mesaj idi ki, Azərbaycan və Türkiyə həm sözdə, həm də əməldə daim birdir.
Azərbaycanla qonşu Gürcüstan arasında da beynəlxalq səviyyədə sıx əməkdaşlıq var. Onu da qeyd edim ki, müharibə dövründə Rusiyadan Ermənistana durmadan, gündə bir neçə dəfə külli miqdarda silah-sürsat daşınırdı. Azərbaycan Prezidentinin siyasi danışıqları nəticəsində Gürcüstan Rusiyadan Emənistana uçan hərbi təyyarələrin qarşısını almış, belə ki, o, əvvəl bütün hava yollarını, sonra isə quru yolları bağlamışdır.
Təəəsüf ki, müsəlman ölkələri olan Qazaxstan, Türkmənistan və İran bunu etməyiblər. Rusiya Ermənistana bu ərazilərdən silah daşımağa davam edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq”.
Hazırda Qarabağ ərazisində ermənilər də yaşayır. Azərbaycan tərəfi onlara burada yaşamağa bir şərtlə icazə verib ki, separatizm meyillərinə son qoymalı, Qarabağ torpağının tarixən Azərbaycana məxsus olduğunu anlamalıdırlar. Bilməlidirlər ki, az vaxt kəsiyində yüz minlərlə azərbaycanlı öz doğma ev eşiyinə - Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaqlar. Azərbaycanın ərazisində yaşamalarına icazə verilən ermənilər bilməlidirlər ki, onlar yerli azərbaycanlılarla qonşuluq şəraitində yaşamalı olacaqlar.
Azərbaycanda Ermənistandan fərqli olaraq çoxlu etnik qruplar yaşayır. Onlar burada özlərini sərbəst hiss edir, ləyaqətlə yaşayırlar. Yaxşı olar ki, ermənilər də Azərbaycanda belə yaşamağa başlasınlar. Azərbaycan vətəndaşları kimi onların da bütün hüquqları qorunacaq.
Azərbaycanın öz torpaqlarını bir ildən artıqdır ki, işğalçılardan təmizlənib, lakin buna baxmayaraq öz doğma diyarlarından qaçqın və köçkün düşmüş soydaşlarımız ermənilərin bu əraziləri tərk edərkən basdırdıqları minalara görə geri qayıda bilmirlər.
2020-ci il noyabr ayında imzalanmış razılaşmaya əsasən ermənilərə Qarabağı tərk etmək üçün 10-20 gün vaxt verilmişdir. Onlar bu vaxtdan istifadə edərək bir vaxt girərək, uzun müddət yaşadıqları evləri yandırmaq, söküb aparmaq və eyni zamanda ərazilərə minalar basdırmaqla məşğul olublar.
Müharibənin qanunlarına görə müharibə başa çatdıqdan sonra qarşı tərəf basdırılan minaların xəritəsini təqdim etməli olduğu halda, Ermənistan bunu etmir və bunun nəticəsində müharibədən bu qədər vaxt keçməsinə baxmayaraq bu ərazilərdə jurnalistlər və mülki əhali minaya düşərək həyatını itirir, yaxud da ömürlük şikəst olur.
Ermənistanın bu cinayətlərini bütün dünya bildiyi halda rəsmi İrəvana heç bir sanksiya tətbiq edilmir. Hətta Azərbaycana və Ermənistana müharibədən sonra verilmiş maliyyə vəsaiti arasında böyük fərq mövcud idi. Sonralar buna düzəliş edilmişdir. Çox qəribə bir haldır ki, Ermənistana verilən vəsaitin böyük hissəsi kredit deyil, hədiyyə olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İşğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük.
Azərbaycan müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə də iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub. Ölkəmiz tam olaraq müstəqil oldu, müstəqil siyasət aparmaq imkanı əldə etdi və Qarabağı geri qaytardıq”.
Ermənilər tarix boyu Azərbaycan torpaqlarını tədricən mənimsəyərək Azərbaycanın şəhər və kəndlərinin adını dəyişdirmiş, tarixi saxtalaşdırmağa çalışmışlar. İşğal etdikləri ərazilərdə azərbaycanlılara aid olan və Azərbaycanın tarixini əks etdirən abidələri, qədim qəbristanlıqları dağıtmış, Azərbaycanın etnoqrafiyasını özündə əks etdirən eksponatları mənimsəmişlər.
Ermənilərin saxta tarixində “Dənizdən dənizə” ermənilərin vətəni olub və onlar ömür boyu bu xülya ilə yaşayıb və öz havadarları sayəsində qanlı cinayətlər törədiblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Erməni tarixşünaslıq elmində hər bir addımda saxtakarlıq görürük. O cümlədən Azərbaycan əraziləri ilə bağlı, Qarabağın tarixi ilə bağlı. Bu saxta tarix siyasəti son beş-altı ildə hətta yeni bir forma almışdır. Onlar Azərbaycan şəhərlərini rəsmən erməni adları ilə, saxta adlarla adlandırmağa başladılar.
Türkmənçay və Gülüstan müqavilələrindən sonra Persiyadan və Şərqi Anadoludan ermənilərin bu əraziyə köçü başlayıb. Bütün bunlar tarixi faktlardır. Həddən artıq tarixi keçmişə getmək, əslində Ermənistanın uğursuzluğunun səbəbidir. Çünki onlar həmişə düşündüyünə görə özlərinin itirmiş olduqlarına necə nail ola biləcəkləri haqqında xəyal edirlər. Onlar həmişə öz ideologiyası, öz təhsilini keçmişə əsaslandırırlar və gələcəyi də əldən verirlər”.
Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru