20

ŞAHİN CAHANGİR OĞLU HƏSƏNOV

Şəhidlər / I qarabağ


1968-1992
(Mehdiabad qəsəbəsi)

1992-ci il iyun ayının 25-də təhsil aldığı Azərbaycan Neft və Kimya İnstitutunda dövlət imtahanlarının ikisini verdikdən sonra qalan imtahanları vermədən könüllü olaraq “20 YANVAR" batalyonunun tərkibində ön cəbhəyə gedəndə Şahini qınayanlar çox olmuşdu, "heç olmasa sonuncu imtahanları verib qurtar, sonra" - deyənlər də vardı. Lakin Şahin bunların heç birinə fikir verməmişdi. Cəsarətlə Vətənin müdafiəsinə yollanmışdı...

Şahin Cahangir oğlu Həsənov 1968-ci il may ayının 21-də Quba rayonunda anadan olmuşdu. O, əvvəl Mehdiabad qəsəbə orta məktəbinin səkkizinci sinfini, sonra isə Bakı şəhərinin Binəqədi rayonundakı 99 saylı orta məktəbdə onillik təhsilini başa vurmuşdu. Şahin orta məktəbdə oxuyarkən dəfələrlə riyaziyyat fənni üzrə olimpiyadalarda birinci dərəcəli diploma layiq görülmüş, 1985-ci ildə XIV spartakiadada indiki Binəqədi rayonu üzrə ən yaxşı atıcılığa görə diplomla təltif olunmuşdu. 1986-cı ildə isə birinci dərəcəli diplomla mükafatlandırılmışdı.

Şahin uşaqlıq və gənclik illərini Abşeronda keçirsə də, tətil vaxtlarında ata yurdu Gəncəyə, ana yurdu Qubaya gedərdi. Qaqarin adına Pionerlər Evində şahmatın sirlərinə yiyələnmişdi, yaxşı şahmat oynayırdı.

Şahin Azərbaycan Neft və Kimya İnstitutuna 1985-ci ildə orta məktəbi qurtaran il daxil olmuşdu. 1986-cı ildə isə hərbi xidmətə çağırılmışdı. 1988-ci ildə ordudan qayıtdıqdan sonra institut təhsilini davam etdirməyə başlayır.
1992-ci ildə könüllü olaraq Azərbaycan ordusunda xidmətə gedən Şahin sonuncu dəfə Ağdam cəbhəsində Naxçıvanik kəndi uğrunda döyüşlərdə iştirak edir və həmin döyüşlərdə də itkin düşür.

Atası Cahangir müəllim Kənd Təsərrüfatı Akademiyasının “Tərəvəz və toxum” Elm İstehsalat Birliyində, anası Vəcihə xanım Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda işləyir. Qardaşı Mahir ali təhsilli mühəndis, digər qardaşı Əlişad Sənaye Akademiyasının tələbəsidir.

Oxşar xəbərlər:

Back to Top