
ŞİRİNDİL CAVAD OĞLU HƏSƏNQULUYEV
Şəhidlər / I qarabağ 18 okt 2022, 14:411968-1992
(Mehdiabad qəsəbəsi)[b][/b]
1988-ci il Azərbaycan tarixinə xalqımıza illərdən bəri davam etməkdə olan müsibətlər və faciələr gətirən Qarabağ münaqişəsinin başlanğıc ili kimi daxil oldu. Həmin il xalqımızın məruz qaldığı ən böyük faciələrdən biri qədim Türk-Oğuz yurdu olan indiki "Ermənistan" ərazisində yaşayan 200 min nəfərdən çox soydaşımızın öz tarixi vətənlərindən qovulması oldu. Bu faciəni yaşayanlar sırasında Zəngəzur mahalınının (indiki “Ermənistan"ın) Qafan rayonunun Açağlu kəndində yaşayan Həsənquliyevlər ailəsi də vardı. Bu vaxt Şirindil iki il idi ki, Monqolustanda hərbi xidmətdə idi. Ailənin başçısı Cavad kişi isə iki il idi ki, vəfat etmişdi. Erməni millətçilərinin təzyiqlərinə davam gətirməyin mümkünsüz olduğunu görən kənd camaatı kimi, Zinyət xanım da qızı Nazlını və oğlu Avtandili götürüb Azərbaycana pənah gətirdi, Abşeron rayonunun Mehdiabad qəsəbəsində sığınacaq tapdılar. Şirindil hərbi xidmətdən qayıdanda doğma kəndinə getmək üçün artıq yollar baqlı idi, axtarıb ailəsini Miehdiabad kəndində tapdı...
Şirindil Cavad oqlu Həsənquliyev 1968-ci il sentyabr ayının 18-də Qafan rayonunun Açağlu kəndində anadan olmuşdu. Beş yaşında ikən Açağlu kənd məktəbinin birinci sinfinə qəbul olunmuş, 1981-ci ildə həmin məktəbin səkkizinci sinfini, 1983-cü ildə isə qonşuluqdakı Şəhərcik kənd orta məktəbini əla qiymətlərlə bitirmişdi. Elə həmin il də Azərbaycan İnşaat Mühən-disləri İnstitutuna daxil olmuşdu.
Şirindil bütün çanı-qanı ilə Vətəninə, Millətinə bağlı idi. Elə bu hisslərlə də 1991-ci ilin oktyabrında vətən torpaqlarını duşməndən qorumaq üçün könüllü olaraq Azərbaycan ordusu sıralarına yazıldı. Bir çox tələbə yoldaşları ilə bərabər, Milli Ordumuzun yaranması üçün böyük səylər göstərdi. Milli Orduda komandir müavini oldu.
Şirindilin döyüş yolu Şuşa uğrundakı vuruşmalardan başlayıb. Sonra Malıbəyli, Kosalar, Cəmilli kəndlərinin müdafəsində iştirak edib. Döyüşlərin birində erməni cəlladları Şirindilin Müşviq adlı cəbhə
yoldaşını və dostunu ələ keçirmiş, onu öldürərək dərisini soymuşdular. Şirindil bu vəhşiliyi unuda bilmir, həmişə dostunun qisasını almağa can atırdı. Döyüşlərdə dəfələrlə igidlik, qəhrəmanlıq göstərən Şirindilin sonuncu döyüşü Daşaltıda olur. O, Daşaltı faciəsinin qurbanı olaraq bu əməliyyat zamanı itkin düşmüşdür.
Şirindil subay idi.
Hazırda anası və bacı-qardaşı Şirindilin ölümündən sonra onlara Bakı şəhərinin üçüncü mikrorayonunda verilmiş mənzildə yaşayırlar.
Şirindilin adını əbədiləşdirmək məqsədi ilə Mehdiabad qəsəbəsindəki küçələrdən birinə onun adı verilmişdir.