İLQAR RÜSTƏM OĞLU HÜSEYNOV
Şəhidlər / I qarabağ 14 okt 2022, 12:101966-1992
(Saray qəsəbəsi)
İlqar Rüstəm oğlu Hüseynov 1966-cı il aprel ayının 15-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuşdu. Ailədə səkkiz övladın (altı oğlan, iki qız) dördünçüsü idi. İlqar ilk təhsilini Saray qəsəbəsindəki 2 saylı orta məktəbdə almış, IV sinifdən etibarən isə həmin qəsəbədəki 1 saylı məktəbdə oxumuşdu.
1984-cü il may ayının 9-da hərbi xidmətə yola düşən İlqar 1986-cı ildə Sovet ordusundan tərxis olunaraq doğma kandinə qayıdır. Anasının dediklərindən: “İlqar uşaqlıqdan ata-anaya, nənəyə qarşı çox Mehriban idi. Hərbi xidmətdən qayıdanda nənəsi Xanımana üçün bir cüt çorab, bir baş yaylığı və iki ədəd xına alıb gətirmişdi ki, nənə, mən səni həmişə cavan görmək istəyirəm”.
Vətənini hədsiz dərəcədə sevən İlqar Qarabağ səmasını qara buludlar alanda buna biganə qala bilmir.
1991-ci ilin oktyabr ayında könüllü olaraq Tərtər döyüş bölgəsinə yollanır. O, cəbhəyə yola düşəndə çörək almaq adı ilə evdən çıxır. Bir müddət sonra İlqar ata-anasına, bacı-qardaşlarına baş çəkmək üçün evlərinə gəlir. Yenə də anasının dediklərindən: “İlqar ailəmizə baş çəkməyə gələndə ürəyimə dammışdı ki, ondan həmişəlik ayrılacam. Ona görə də onu dilə tutdum ki, daha getməsin, axı, onu çağırmamışdılar, özü könüllü getmişdi. İlqar sınayıcı nəzərlə mənə baxıb dedi: “Hə, ana, gəlsənə səni də özümlə ora aparım, gör ana-bacı- larımız nə vəziyyətdədir”. Bundan sonra ona deyiləsi sözüm qalmadı”.
Bu, İlqarın evə sonuncu gəlişi idi. Cəbhəyə qayıtdıqdan az sonra 1992-ci il fevral ayının 26-da Tərtər rayonu uğrunda gedən qanlı deyüşlərdə qəhrəmanlıqla şəhid olur. Döyüş dostları onu mərd, cəsur bir əsgər kimi bu gün də xatırlayırlar.
İlqar subay idi.
Mazarı Bakıdakı Şəhidlər Xiyabanındadır. Saray qəsəbəsində isə doğulub boya-başa çatdıqı küçəyə onun adı verilmişdir. Qəsəbədə ucaldılan "Xatirə" kompleksində adı əbədiləşdirilmişdir.