MÜHÜD ƏLİ OĞLU QASIMOV
Şəhidlər / I qarabağ 14 okt 2022, 16:191970-1994
(Saray qəsəbəsi)[b][/b]
Mühüd Əli oğlu Qasımov 1970-ci il may ayının 25-də Zəngəzur mahalının (indiki “Ermənistan”ın) Sisyan rayonunun Ağudü kəndində anadan olmuşdu. Ailədə böyüyən doqquz övladın (altı oğlan, üç qız) yeddincisi idi.
Qasımovlar ailəsi 70-ci illərin ortalarında Sisyandan Abşeron rayonunun Saray qəsəbəsinə köçmüş və burada məskunlaşmışdılar. Mühüd də Saray qəsəbə 2 saylı orta məktəbində təhsilini başa vurmuşdu. Sonra Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 147 saylı Texniki peşə məktəbində sürücülük peşəsinə yiyələnmişdi.
1988-ci ildə Sovet ordusu sıralarında hərbi xidmətə çağırılan Mühüd 1990-cı ildə ordudan tərxis olunub qayıdaraq Abşeron rayon Yun Tədarükü İdarəsində əmək fəaliyyətinə başlayır. Qarabağ səmasını qara buludlar alanda çoxları kimi Mühüd də silaha sarılıb doğma torpaqların müdafiəsinə qoşulur. 1993-cü il
iyun ayının 10-da könüllu olaraq Milli Ordu sıralarında ön xəttə yollanır. O, bir çox aqır döyüşlərdə iştirak edir, bir sıra qəhrəmanlıqlar göstərir.
Mühüdün sonuncu döyüşü Ağdərə rayonunun Lüləsaz (Akopkamari) kəndi uğrunda olmuşdur. Döyüş yoldaşlarının şahidliyinə görə, Mühüd bu döyüşdə qəhrəmanlıqla vuruşmuş, düşmənin bir neçə əsgərini məhv etmişdi. Lakin düşmən gülləsi ona da aman verməmişdi.
Mühüd həmin döyüşdə - 1994-cü ilin şaxtalı 15 yanvar günündə qəhrəmancasına şəhid olmuşdu.
Məzarı Saray qəsəbə qəbirisanlığındadır.