152

NAZİM QARLEN OĞLU ALLAHVERDİYEV

Şəhidlər / I qarabağ


1964-1992
(Mehdiabad qəsəbəsi)
Allahverdiyev Nazim Qarlen oğlu 15 iyul 1964-cü ildə Zəngəzur mahalının (indiki "Ermənistan"ın) Qafan rayonunun Baharlı kəndində anadan olmuşdu.
1968-ci ildə ailəlikcə Mehdiabad qəsəbəsinə köçüb gəlmişlər.

Atası Allahverdiyev Qarlen Şikar oğlu uzun müddət Abşeron üzümçülük sovxozunda fəhlə işləmişdir. Hazırda ikinci qrup əlildir. Anası Allahverdiyeva Tərlan Cəfərqulu qızı da uzun müddət sovxozda fəhlə işləmişdir və birinci qrup əlildir.

Nazim orta təhsilini Mehdiabad qəsəbə orta məktəbində almış, sonra 1 saylı Binə sürücülük məktəbində
sürücülük peşəsinə yiyələnmişdi. Uşaqlığı və gəncliyi Mehdiabad qəsəbəsində keçsə də, hərdən ata yurdu Baharlı kəndinə də gedib-gələrdi.
1983-1985-ci illərdə Sovet ordusu sıralarında Monqolustanda tank batalyonunda mexanik-sürücü kimi hərbi xidmətdə olan Nazim Vətənə qayıtdıqdan sonra Bakıda sürücü işləmişdir.

N. Allahverdiyev Azərbaycan Ordusunun yarandığı ilk günlərdən Vətənin müdafiəsinə getmişdir. O, bir hərbçi kimi, Bakı gəmi təmiri zavodunda tank təmir edirdi. Şuşanın ağır günlərində Nazim könüllü olaraq Şuşaya getmiş, özü ilə bərabər üç tank aparmışdı.
Həmin tankları Qubadlıda Salatın körpüsündən keçirib Şuşaya çatdırmışdı. Nazim öz tankını Şuşadakı ən yüksək Kirs dağına çıxarmışdı.
1992-ci il may ayı-Mehdiabadda evlərində Nazim mayın 8-də Nazimi 10 günlük məzuniyyətə buraxırlar.

Televizor vasitəsi ilə Şuşanın düşmən tərəfindən işğal olunmasını Milli Qəhrəman Albertin həlak olmasını eşidib cəbhəyə yollanır. Halbuki Nazimin hələ səkkiz gün də məzuniyyətdə qalmağa imkanı vardı. Nazim yaxın dostu Albertin dəfnində iştirak edib, oradan birbaşa Laçın cəbhəsinə yola düşür.
1992-ci il may ayının 15-də Nazim Turşsu, Zarıslı döyüşündə qəhrəmancasına həlak olur. “N” hərbi hissəsinin komandiri kapitan Əzimovun raportundan öyrənirik ki, 1992-ci il may ayının 15-də 536 saylı tank heyəti Zarıslı döyüşlərində minaya düşmüşdür. Komandir leytenant Fərrux Abbasov, atıcı Benyamin Maqamedov, sürücü-mexanik Nazim Allahverdiyev qəhrəmanlıq göstərərək düşmənin bir PDM-2 maşınını sıradan çıxarmış və onlarla canlı qüvvəsini məhv etmişlər. Son anda qüvvələr nisbətinin qeyri-bərabər olduğunu gördükdə düşmən əlinə keçməmək üçün özlərini tank ilə birlikdə partlatmışlar.

Nazim evli idi. Yeganə yadigarı - qızı Günay beşinci sinifdə oxuyur. Həyat yoldaşı Allahverdiyeva Şölə Mehdiabad qəsəbəsində Nazimin atasıgildə yaşayır.
Nazimin iki qardaşı, iki bacısı var. Məhdiabad qəsəbəsində yaşayırlar.

Oxşar xəbərlər:

Back to Top