44

NAZİM SƏFƏRƏLİ OĞLU SƏFƏROV

Şəhidlər / I qarabağ


1962-1992
(Xırdalan qəsəbəsi)[b][/b]

Səfərəli kişi oğlu Nazimin şəhid olması xəbərini eşidəndə əvvəl buna inanmadı, daha doğrusu, inanmaq istəmədi. Heç iki ay da keçməmişdi onu orduya yola saldıqları gündən. Hər gün fikirləşirdi ki, ordudan qayıdan kimi mütləq evləndirmək lazımdır. Nazim orduya gedəndə artıq bir il idi ki, nişanlı idi. İndi isə...

Atanın beli qəfil əyilmişdi. Bu dərdə çox dözə bilmədi, oğlunun ölümündən 10 ay sonra ürəyi partlayıb dünyasını dəyişdi..
Nazim Səfərəli oğlu Səfərov 1962-ci il oktyabr ayının 10-da Bakı şəhərinin Yasamal rayonunda anadan olmuşdu. Valideynləri Xızı rayonundan köçüb gəlmişdilər. Nazim ailənin üçünçü övladı idi, dörd qardaş, bir bacı idilər.

1969-cu ildə Yasamal rayonundakı 13 saylı orta məktəbin birinçi sinfinə gedən Nazim 1974-cü ildə ailəsinin Xırdalan qəsəbəsinə köçməsi ilə əlaqədar təhsilini də bu qəsəbədəki 2 saylı orta məktəbdə davam etdirməyə başlayır. 1980-ci ildə orta məktəbi bitirir.

1981-ci ildə Bakı Energetika Texnikumuna daxil olur. Həmin il hərbi xidmətə çaqırılır. Ukraynanın Donetsk vilayətinin Qorlovka şəhərində qulluq edir. 1983-cü ildə ordudan tərxis olunub qayıtdıqdan sonra təhsilini başa vurur.

1992-ci il mart ayının 18-də Abşeron rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Milli Ordusu sıralarına səfərbərliyə alınan Nazim birbaşa laçın cəbhəsinə aparılır. Bura gəldikləri günün sabahısı Abşeron batalyonun tərkibində döyüşə girir, erməniləri qovub geri öturdurlar. Sonra Zəngilan cəbhəsinə
köməyə gedib, iki kəndi düşməndən təmizləyirlər. Zəngilan döyüşündə Nazim düşmənin bir piyada maşınını və iki canlı qüvvəsini şəxsən məhv edir. Zəngilan kəndlərini azad etdikdən sonra Nazimgilin hərbi hissəsi yenidən Laçına qayıdır və bir həftədən sonra Şuşadan həyəcanlı xəbərlər gəldiyindən onları həmin istiqamətə göndərirlər. Onlar Şuşanın Kosalar kəndini düşməndən qorumaq əmri alırlar. Yoldaşlarının dediyinə görə, Nazim həmişə ön postda dayanarmış və onlar iki-üç həftə Kosalar kəndini igidliklə müdafiə edirlər.

1992-ci il may ayının 6-dan 7-nə keçən gecə düşmən küçlü qüvvə ilə Kosalar kəndinə hücum edir. Bu zaman Nazim yenə də ön xəttə imiş. Gülləsi qurtardığından o, öz yoldaşlarından güllə istəyən zaman düşmən snayperi onu gözündən vurur. Bu hadisə səhər saat 4 radələrində baş verir. Yoldaşları vuruşa-vuruşa onu döyüş meydanından çıxarırlar. Nazim yoldaşlarından dönə-dönə xahiş edir ki, düşmənin əlinə keçməmək üçün onu vursunlar və kəndi müdafiə etsinlər. Lakin təxminən yarım saat sonra artıq o, əbədi olaraq dünyasını dəyişir.

Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

Oxşar xəbərlər:

Back to Top