114

TELMAN NƏRİMAN OĞLU ƏLİYEV

Şəhidlər / I qarabağ


1964-1993
(Xırdalan qəsəbəsi)

Telman Nəriman oğlu Əliyev 1964-cü il oktyabr ayının 4-də Sabirabad rayonunun Nizami kəndində anadan olmuşdu. Əslində, bu kənd onun dədə-baba yurdu deyildi. Atası Nəriman kişini taleyin amansız tufanları gətirib bu yerlərə çıxarmışdı. Onlar əslən qədim İrəvan vilayətinin Vedibasar mahalının (indiki “Ermənistan”ın) Vedi rayonundan idilər.
1949-cu ildə doğma yurdlarından zorla köçürülmüşdülər. Əvvəl Daşburun kəndində, sonra Əli Bayramlıda yaşamışdılar. Sonralar Nəriman Rübabə İslam qızı ilə evlənmiş, dörd oğul, iki qız atası olmuşdu. Telman ailənin üçüncü övladı idi.

Telman hələ körpə ikən ailə Sabirabad rayonunun Qalaqayın kəndinə köçür. Telman ilk təhsilini də burada Qalaqayın 2 saylı səkkizillik məktəbində alır. 1976-cı ildə ailələrinin Bakıya köçməsi ilə əlaqədar təhsilini də respublikamızın paytaxtında davam etdirir.
1983-cü ildə hərbi xidmətə çağırılan Telman iki il İrkutsk vilayətində əsgəri borcunu yerinə yetirir.
1987-ci ildə əslən Zəngəzur mahalının Qafan rayonundan olan Xəzangül Əsədova ilə ailə həyatı qurur.
1988-ci ildə ilk övladı Natəvan, 1990-cı ildə isə ikinci övladı Rahil dünyaya gəlir. Telman bir neçə il Xırdalandakı quşçuluq fabrikində sürücü işləyir.
Torpaqlarımızın düşmən tapdağı altında qalmasına çoxları kimi, Telman da dözə bilmirdi. Nəhayət, 1993-cü ildə könüllü olaraq cəbhəyə yola düşür. Bu vaxt Telmanın özündən kiçik iki qardaşı da cəbhədə erməni daşnaklarına qarşı vuruşurdu.
Telman iki ay Gəncə batalyonunda qulluq etdikdən sonra evə gəlir, hərbi komissarlığa gedib, Abşeron batalyonuna dəyişdirilməsini xahiş edir. Elə həmin gündən onu Abşeron batalyonuna keçirib, Füzuli cəbhəsinə yola salırlar. Ağdam, Ağdərə cəbhələrində döyüş təcrübəsi qazanan Telman bu dəfə Füzuli, Beyləqan istiqamətində döyüşməyə başlayır. Onun bu döyüş yolu 1993-cü il dekabrın 22-də sona çatır.
Hadisə belə olur.

Düşmən Beyləqan istiqamətində güclü hücuma keçibmiş. Aramsız döyüşlər gedir. Bu qanlı döyüşlərin birində Telman ağır yaralanır. Daha doğrusu iki ayağını itirir. Yoldaşları çox çətinliklə onu döyüş meydanından çıxarırlar. Yoldaşlarının dediyinə görə, onlar Telmanı şinelə bükərək on kilometrə qədər məsafə qət edirlər.

O, özünə gələndə “məni uşaqlarıma çatdırın” - deyir.
Bir də “anama deməyin, anam dözməz" - deyir.

Təcili xəstəxanaya çatdırılan Telmana həkimlər kömək edə bilmirlər, dekabrın 25-də o, əbədi olaraq gözlərini dünyaya yumur. Məzarı Bakıda Şəhidlər Xiyabanındadır

Oxşar xəbərlər:

Back to Top