37

SAHİB HƏMİD OĞLU ƏZİZOV

Şəhidlər / I qarabağ


1973-1993
(Saray qəsəbəsi)[b][/b]

Sahib Həmid oğlu Əzizov 1973-cu il oktyabr ayının 19-da Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuşdu. Əslən qədim İrəvan vilayətinin Göyçə mahalının (indiki “Ermənistan"ın) Basarkeçər rayonunun Babacan kəndindən idilər. Sonralar atası ailəsini götürüb, Azərbaycana köçmüş, Saray qəsəbəsində məskunlaşmışdılar.

Ailənin sonbeşiyi olan Sahib ata-anasının, dörd bacısının və iki qardaşının sevimlisi idi. İlk təhsilini Saray 2 saylı orta məktəbində alan, sonra Saray 1 saylı məktəbində davam etdirən Sahib 1989-cu ildə Bakı OADKYC-də radiotexnik peşəsinə yiyələnir. O, hərbi xidmətə gedənə qədər bir müddət Sumqayıt şəhərində “Orbita-servis"də telemexanik işləyir.
1992-ci ildə isə hərbi xidmətə çağırılır. Əvvəlcə Sanqaçalada qulluq edir, sonra Kəlbəcər bölgəsində hərbi xidmətini davam etdirir. Az vaxtda döyüş yoldaşlarının hörmətini qazanır.

Son dəfə 1993-cü il mart ayının 19-da evə gəlir, Novruz bayramını ata-anası, bacı-qardaşları ilə bir yerdə keçirir. Martın 25-də yenidən cəbhə bölgəsinə qayıdır. Bir neçə gün sonra - aprelin 4-də Kəlbəcər uğrundakı döyüşlərdə vertolyotla Murovdaq üzərindən keçərkən erməni daşnakları tərəfindən vertolyot vurulur. Sahib və dörd nəfər əsgər yoldaşı qəhrəmancasına həlak olurlar.
Məzarı Saray qəsəbə qəbiristanlığındadır.

Sahib subay idi. Sumqayıt şəhərində sevgilisi vardı. Nə vaxtsa bu ailəyə gəlin gəlməli olan bu vəfalı qız Sahibin ölümündən sonra bu evə birinçi vo sonuncu dəfə gəlir, Sahibin yoxluquna onun doğmaları ilə bir yerdə göz yaşı tökür.

Ölümündən sonra Sahibin adı əbədiləşdirilərək, körpə vaxtı getdiyi uşaq baxçasına verilmişdir.
İndi Əzizovlar ailəsində balaca Sahib Əzizov boyüyür - qardaşı 1995-ci ildə dünyaya gəlmiş oğluna şəhid qardaşının adını vermişdir.

Oxşar xəbərlər:

Back to Top