AŞUR KƏRİMAĞA OĞLU HƏSƏNBALAYEV
Şəhidlər / I qarabağ 12 okt 2022, 13:111974-1992
(Qobu qəsəbəsi)
1990-cı il yanvarın 20-I Azərbaycan tarixinə qanla yazıldı. Həmin gün rus imperiya qoşunları Bakı küçələrini milli mübarizlərimizin qızıl qanına boyadı...
Həmin gün Aşur Həsənbalayevin ad günü idi. 16 yaşı tamam olurdu. Həmin gecə Aşur da xalqla birgə idi, dostları ilə bir yerdə rus tanklarının qabağını kəsmək üçün Sulu təpə deyilən yerə qədər getmişdilər. Anasının dediklərindən: “İki dəfə uşaqlarla gəlib butulkaları benzinlə doldurub getdilər. Atası o gecə işdə idi. Nənəsi ilə onu çox dilə tutduq ki, evdə qalsın, xeyri olmadı. Bizi sakitləşdirmək üçün nənəsinə dediyi
sözlər indi də yadımdadır: “Ay nənə, mənə heç nə olmaz, anamdan, uşaqlardan muğayat olun, məndə Azərbaycan qanı var”. O, bu sözləri əlini sinəsinə vuraraq qürurla demişdi”.
Aşur Kərimağa oğlu Həsənbalayev 1974-cü il yanvar ayının 20-də Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuşdu.
Qəzənfər Xalıqov adına orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra Lekbatan qəsəbəsindəki Texniki peşə məktəbinin çilingərlik ixtisasına sənədlərini vermişdi.
20 yanvar hadisələrindən sonra onda erməni millətçilərinə qarşı güclü bir nifrət əmələ gəlmişdi, tez-
tez deyərdi ki, qoy bir əsgər gedim, onda görərsiz necə oğullarımız var.
1992-ci ilin iyul ayında hərbi xidmətə çağırılar. Aşur Hacı Zeynalabdin qəsəbəsində yüksək təlim keçdikdən sonra həmin il oktyabr ayının 21-də könüllü olaraq Ağdam cəbhəsinə yola düşür. Lakin Aşurun döyüş yolu çox qısa olur. Bir həftə sonra - 1992-ci il oktyabr ayının 28-də Fərruxdaq yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
Aşur subay idi. Ata-anası, iki bacısı və iki qardaşı var.
Döyüşdən qabaq yoldaşlarına deyibmiş ki, əgər ölsəm, məni babamın yanında dəfn edərsiniz. O, həm də babasının adını daşıyırdı. Öz vəsiyyətinə görə, o, Qobu qəsəbə qəbiristanlığında dəfn edilmişdir.
Adı əbədiləşdirilərək qəsəbədəki küçələrdən birinə verilmişdir.