
EYVAZ İSMAYIL OĞLU HÜMBƏTOV
Şəhidlər / I qarabağ 12 okt 2022, 17:201969-1994
(Saray qəsəbəsi)[b][/b]
Eyvaz İsmayıl oğlu Hümbətov 1969-cu il iyun ayının 5-də Laçın rayonunun Naqdalı kəndində anadan olmuşdu.
Atasını çox erkən itirən və anasının himayəsində böyüyən Eyvazın uşaqlığı və gəncliyi ehtiyac və məhrumiyyətlər içərisində keçmişdi.
Eyvaz doğma kəndləriңdə orta məktəbi bitirdikdən sonra da 1989-cu ildə hərbi xidmətə getmişdi. Ordudan tərxis olunub kəndlərinə qayıdandan sonra burada Şəhri Nəsibova ilə ailə qurur. Onların Əvəz adlı ilk oğul balaları dünyaya gəlir. Lakin Vətən qeyrəti tezliklə onu çəkib yenidən ordu sıralarına aparır. Xüsusilə doğma Laçın rayonu düşmən tərəfindən işğal olunduqdan sonra Eyvaz rahatlıq nə olduğunu bilmirdi.
Axır ki, 1994-cü il yanvar ayının 6-da könüllü olaraq cəbhəyə yollanır, Füzuli bölgəsinə göndərilir. Bu vaxt balaca Əvəz cəmi dörd aylıq idi.
İlk döyüşlərdəcə Eyvaz öz igidliyi, cəsurluğu ilə fərqlənir. Cəbhə dostları indi də onun qəhrəmanlıqlarından ağız dolusu danışırlar. Hətta döyüşlərdən birində ayağından yaralananda onu arxaya göndərmək istəsələr də, Eyvaz buna razı olmamış, silahdaşları qalıb, döyüşlərdə iştirak etmişdi.
Eyvazın döyüş yolu 1994-cü il aprel ayının 16-da sona çatır. O, ağır döyüş zamanı düşmən gülləsinə tuş gələrək qəhrəmancasına həlak olur.
Məzarı Saray qəsəbə qəbiristanlığındadır.
Adı qəsəbədə ucaldılan "Xatirə” kompleksində əbədiləşdirilmişdir.