
İLHAM ƏLƏSGƏR OĞLU ƏKBƏROV
Şəhidlər / I qarabağ 14 okt 2022, 09:551971-1994
(Xırdalan qəsəbəsi)
İlham Əsəsgər oğlu Əkbərov 1971-ci il mart ayının 26-da Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olmuşdu. Ailədə üç qardaş, iki bacı idilər.
İlham beşinçi sinfə kimi Xırdalan qəsəbəsindəki 2 saylı orta məktəbdə, sonra 3 saylı orta məktəbdə oxumuşdu. Səkkizillik təhsildən sonra isə Ceyranbatan qəsəbəsindəki 147 saylı Texniki peşə məktəbində oxumağını davam etdirmişdi.
İdmanı çox sevən İlham təhsil illərində “Dinamo” cəmiyyətində idmanın güləş növü ilə də məşğul olurdu.
Sevastopolda həlak olmuş və orada dəfn edilmiş rota komandiri olan babası Abdin Abdinovun məzarını
dəfələrlə ziyarət etmişdi.
1989-1991-ci illərdə Çelyabinsk vilayətinin Kartalı şəhərində hərbi xidmətdə olan İlham yaxşı xidmətinə görə əvvəl 10 günlüyə evə buraxılmış, sonra isə fəxri fərmanla təltif edilmişdi.
Hərbi xidmətini başa vurduqdan sonra Vətənə qayıdır, 1994-cu ilin fevral ayında Azərbaycan ordusuna çağırılır. Seyfəlidə iki həftəlik döyüş hazırlığı keçdikdan sonra onu Fuzuli cəbhəsinə göndərirlər. Az bir vaxt içərisində sıravi əsgərliқdən vzvod komandirinin muavini vəzifəsinə yüksələn İlham 1994-cu il aprel ayının 17-də Füzuli rayonunun Kərimbəyli kəndi uğrunda gedən qanlı döyüşdə başından qəlpə yarası alır və həlak olur.
Məzarı ata-baba yurdu olan Abşeron rayonunun Hökməli kənd qəbiristanlığındadır.
İlham orduya çağırılanda evli idi. Bir yaşında oğlu vardı. Şəhid olandan beş ay sonra ikinci oğlu dünyaya gəlir. Həyat yoldaşı Sevinc Arif qızı ovladlarını atalarının adına və qəhrəmanlığına layiq boyütməyə çalışır.
İlhamın atası Ələsgər müəllim Abşeron rayonu Şəhid Ailələrini Müdafiə Cəmiyyətinin sədridir. Şəhid ailələrinin qayğısına qalmağı özünün həm ziyalılıq, həm də atalıq borcu sayır.