MÜBARİZ MUSA OĞLU ZİYADOV
Şəhidlər / I qarabağ 17 okt 2022, 09:341966-1994
(Saray qəsəbəsi)
Mübariz Musa oğlu Ziyadov 1966-cı il Lerik rayonunun Çayrud kəndində anadan olmuşdu. Ailənənin beşinçi övladı idi. Mübarizdən başqa, ailədə daha səkkiz uşaq (beş oğlan, üç qız) böyüyürdü.
Uşaqlığını və gəncliyini doğma kəndlərində keçirən Mübariz orta məktəb təhsilini də Çayrud məktəbində alır. Hərbi xidmət yaşı çatanda isə orduya çağırılaraq, iki illik xidməti borcunu yerinə yetirib evlərinə qayıdır. Sonralar Abşeron rayonunun Saray qəsəbəsinə gəlir, burada ailə həyatı qurur.
Torpaqlarımıza erməni təcavüzünün günbəgün gücləndiyini görən Mubariz nəhayət, 1993-cü il mart ayının 17-də cəbhəyə yola düşmək üçün qəti qərara gəlir və sabahısı gün cəbhəyə yollanır.
İlk kunlər çox çətinliklərlə üzləşsə də, heç bir qüvvə onu öz yolundan döndərə bilmir. Mübariz Ağdərənin, Kəlbəcərin, Füzulinin, Tərtərin odlu nöqtələrində vuruşur. Torpaqlarımıza soxulmuş erməni quldur dəstələri güclu olsa da, Mübariz və silahdaşları bir anda ruhdan düşmür, düşmənə sarsıdıcı zərbələr endirirlər. Dostlarının söhbətinə görə, Mübariz heç vaxt səngərə girməz, düşmənin üstünə gedəndə ayaq üstə yeriyərdi.
Mübarizin döyüş xidmətlərini nəzərə alan komandirləri onu bir neçə günlüyə evə buraxmışdılar. Mübarizi görən kimi qolları arasına atılan övladları Şahin və Rəvanənin atalarına ilk sualı bu olur:
“Ata, sən bir daha getməyəcəksən, eləmi?" Mübariz onları inandırır ki, ermənilərin hamısını qırıb tezliklə həmişəlik evlərinə qayıdacaq. Bir neçə gün sonra Mübariz təzədən cəbhəyə qayıdır...
1994-cü il may ayının 10-u idi. Tərtər ətrafında qanlı döyüşlər gedirdi. Mübariz qəhrəmanlıqla döyüşürdü. Bu vaxt qəfil düşmən gülləsi Mübarizi haqladı, onun Vətən-torpaq yanğısı ilə döyünən qəlbini əbədi susdurdu. O döyüşdə dostları inadla vuruşaraq Mübarizin qisasını aldılar.
Mübarizin şəhid olmaq xəbəri bütün ailəni sarsıtdı, ata-anasının, həyat yoldaşının, bacı-qardaşlarının, bir də iki körpə balasının göz yaşları selə döndü...
Onu doğulduqu Çayrud kəndində torpağa tapşırdılar.
Lakin həyatın acı-şirinini hələ də başa düşməyən körpələr atalarının yolunu gözləməkdə davam edirlər, "atamız döyüşdədir, gələcək” deyirlər. Şirin-şəkər Rəvanə hər gün yuxudan duran kimi anasını çağırır:
“Ana, mən bu gecə atamı yuxuda görmüşəm. Mənim atam erməniləri qırıb gələcək”, - deyir. Şahin isə: “Ana, mən tez böyüyüb cəbhəyə getmək istəyirəm, atamın yanına.
Orada erməniləri qıraq, tez evimizə gələk” deyir. Balacalar hələ də bilmirlər ki, amansız müharibə çox balalar kimi onların da ata payını əlindən alıb, onlar bir də ata qucağında atılıb-düşməyəcək, bir də ata boynundan sallanmayacaqlar. Bilmirlər ki, ataları həmişəlik gedib, bir də heç zaman qayıtmayacaq.
Gülarə Tağıyeva ərinin xatirəsini əziz tutaraq Saray qəsəbəsindəki mənzilində onun övlad yadigarlarını böyüdür.
Mübarizin adı Saray qəsəbəsindəki “Xatirə” kompleksində əbədiləşdirilmişdir.