41

NATİQ HÜSEYNXAN OĞLU ORDUXANOV

Şəhidlər / I qarabağ


1973-1992
(Mehdiabad qəsəbəsi)
1973-cu il may ayının 6-da Natiq dünyaya gələndə Orduxanovlar ailəsi cəmi üç İL İdi ki, doğma ata-baba yurdları olan Zəngəzur mahalının (indiki “Ermənistan”ın) Qafan rayonunun Baharlı kəndindən köçüb Abşeron rayonunun Mehdiabad qəsəbəsinə gəlmiş, burada yavaş-yavaş ev-eşik yiyəsi olmağa başlamışdılar. Mehdiabad qəsəbəsində böyüyüb, boya-başa çatan Natiq burada da orta məktəbi bitirir. Lakin ilin yay fəsillərində o, həmişə doğma Baharlı kəndinə gedərdi.

Natiq idmanı da çox sevirdi. O, dəfələrlə güləş yarışlarında olmuş, müxtəlif diplomlarla mükafatlandırılmışdı.

Hərbi xidmət yaşı çatanda Azərbaycan ordusunda xidmət etmək istədiyini rəsmi şəkildə yazıb hərbi komissarlığa bildirsə də, onun bu arzusuna məhəl qoyan tapılmayıb və 1991-ci ildə Sovet ordusu sıralarında qulluq etmək üçün onu Rusiyanın Leninqrad vilayətinə göndəriblər. Lakin o, həmin ilin dekabrında hərbi xidmətini başa vurmadan Azərbaycana qayıdıb və 1992-ci il martın 17-də könüllü olaraq Milli Orduya yazılaraq cəbhəyə gedib.
Natiq könüllülərdən ibarət batalyonda döyüşdüyündən özündən xeyli yaşlılarla ayaqlaşmalı olur, onlardan çox şey öyrənir, ağır hərbi əməliyyatlarda iştirak edir. 1992-ci il may ayının 12-dən Goranboy cəbhəsində vuruşan Natiq Sarısu, Todan, Buzluq, Qoşakənd, Gülüstan uğrunda döyüşlərdə dəfələrlə fərqlənir, həmin kəndlərin düşməndən azad edilməsində bacarıq və qorxmazlıq nümayiş etdirir.

Bu vaxt Natiqin böyük qardaşı Vidadi isə Füzuli cəbhəsində döyüşürdü. Natiqdən dəfələrlə xahiş edirlər ki, evə qayıtsın, lakin o, buna razı olmur.
1992-ci il iyun ayının 21-də Ağdərənin Madagiz kəndi uğrunda döyüşlərdə Natiq xüsusi igidlik göstərir.

Düşmənlər gəndi mühasirəyə alanda Natiq kənddə mühasirədə qalmış yoldaşlarını və komandirini xilas etmək məqsədilə təkbaşına düşmən qüvvələrinin qarşısına çıxıb, onları aldadaraq əsas hədəfdən yayındırmaq qərarına gəlir. Natiqin niyyəti baş tutur və döyüşçülərimiz mühasirədən çıxa bilirlər. Lakin bu, Natiqə öz qanı bahasına başa gəlir - sonuncu gülləsi və qumbarası qalana qədər ermənilərlə vuruşan, çoxlu erməni quldurunu məhv edən Natiq sonda düşmənlə əlbəyaxa döyüşə atılır. Erməni cəlladları Natiqin sinəsinə 33 güllə vuraraq onu qətlə yetirirlər.

Natiq həlak olanda subay idi, 19 yaşı təzə tamam olmuşdu. Üç bacısı, iki qardaşı var. Anası Ülkər ana Mehdiabad qəsəbəsində oğlu Vidadi ilə bir yerdə yaşayır. Qardaş və bacıları Natiqin həlak olduğu 21 iyun günündə hər il Mehdiabaddakı ata evinə yığılır, onun əziz xatirəsini yad edirlər.

Natiq Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdi.

Oxşar xəbərlər:

Back to Top