RÖVŞƏN İSA OĞLU NƏBİYEV
Şəhidlər / I qarabağ 17 okt 2022, 14:551973-1994
(Saray qəsəbəsi)
Rövşən İsa oğlu Nəbiyev 1973-cü ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuşdu. Ailədə səkkiz övladın (altı qardaş, iki bacı) dördüncüsü idi.
Rövşən orta təhsilini Saray 2 saylı orta məktəbində almışdı. O, idmanı çox sevir, Şərq əlbəyaxa döyüş növü olan “karate" ilə məşğul olurdu. 1992-ci ildə hərbi xidmətə çağırılan Rövşən xidmət etdiyi iki il ərzində əsgəri borcunu şrəflə yerinə yetirir. Erməni təcavüzünün yenidən qızışdığını görəndə isə qulluq etdiyi hərbi hissədən ön xəttə göndərilməsini xahiş edir. Bir sıra ağır döyüşlərin iştirakçısı olur, igidliyi və qorxmazlığı ilə hamının hörmətini qazanır. Rövşən 1994-cu il mart ayının 22-də döyüş zamanı qəhrəmancasına həlak olur.
Sağlığında həmişə deyərmiş ki, Vətənin müdafiəsinə qalxmasaq, bu yolda geri çəkilsək, onda biz kimə və nəyə lazımıq? Rövşən bu Vətənə layiq oğul olduğunu öz mübarizliyi, dönməzliyi və şəhidliyi ilə bir daha sübut etdi. Sübut etdi ki, bu torpağın Vətən olması üçün onun uğrunda ölməyə hazır olan oğulları var. Və belə oğullardan biri də odur - Rövşəndir...
Rövşən subay idi. Bəlkə də bu dünyanın sevgi nübarını hələ dadmamışdı, bəlkə də gözaltısı vardı. Bu sirri yatdığı məzara, qovuşduqu haqq dünyasına əbədi olaraq özü ilə apardı. Əzizlərinə, doömalarına hərdən üstündə göz yaşı axıtmaq üçün Saray qəsəbə qəbiristanlığında bir məzar qoyub getdi.
Rövşənin Vətən qarşısındakı xidmətlərini yaddan çıxarmayan eloqluları onun adının əbədiləşdirilməsi qayğısına da qalıblar, bir vaxtlar yaşadığı küçəyə bu qeyrətli oğulun adını veriblər.
Qəsəbədə tikilən"Xatirə” kompleksində də adı əbədiləşdirilmişdir.