
SEYMUR MİSİR OĞLU QULİYEV
Şəhidlər / I qarabağ 17 okt 2022, 16:371972-1992
(Ceyranbatan qəsəbəsi)[b][/b]
Seymur Misir oğlu Quliyev 1972-ci il avqust ayının 3-də Zəngəzur mahalının (indiki “Ermənistan”ın) Gorus rayonunun Şamsız kəndində anadan olmuşdu. Lakin kim deyərdi ki, isti bir yay günündə dünyaya gələn bu körpəyə öz dədə-baba yurdunda - qədim Türk-Oğuz yurdu olan indİki “Ermənistan", onun Zəngəzur mahalı, Gorus elləri ərazisində yaşamaq qismət olmayacaq.
Doğrudan da tale Seymurla çox amansız davrandı, çox-çox erkən onu həyatın sınaqları ilə üz-üzə gətirdi.
1979-cu ildə Beyləqan rayonunun Şahsevən kənd orta məktəbinin birinçi sinfinə gedən Seymur 1982-1986-cı illərdə Sumqayıt şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirməli oldu. 1987-1988-ci illərdə isə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində oxuyaraq orta təhsilini başa vurdu.
Onu tanıyanların yaddaşında “utancaq, mehriban bir gənc” kimi qalan Seymur 1990-cı ilin oktyabrında Sovet ordusu sıralarında hərbi xidmətə çağırılır. Lakin ailənin tək oğlu olduğu üçün onu respublika ərazisində saxlayırlar və Seymur Badamdar qəsəbəsindəki hərbi hissədə qulluq etməyə başlayır.
Erməni işğalçılarına qarşı Vətən müharibəsində iştirak etmək üçün 1992-ci ilin əvvəllərində könüllü olaraq yenicə yaradılmış Abşeron batalyonuna yazılır və on-on beş gün Abşeron ərazisində təlim keçdikdən sonra Laçın döyüş bölgəsinə yola düşür.
Dəfələrlə hərbi əməliyyatlarda iştirak edən Sey-mur elə həmin il sentyabrın 2-də Ağdam rayonunun Gülablı kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Məzarı Bakı şəhərindəki şəhidlər Xiyabanındadır.
Seymur subay idi. Analığı Həyat xanım və bacısı Afərin bu nakam gəncin xatirəsini əziz tuturlar.
Seymurun adı Ceyranbatan qəsəbə bağında uçaldılmış “Xatirə” kompleksində əbədiləşdirilmiş, qəsəbənin girişində onun adına xatirə bulaq tikilmiş, qəsəbənin küçələrindən birinə adı verilmişdir.