22

TAHİR İSA OĞLU İSMAYILOV

Şəhidlər / I qarabağ


1965-1992
(Xırdalan qəsəbəsi)

Tahirin ən böyük arzusu Azərbaycanın itirilmiş torpaqlarını erməni işğalından azad etmək idi. O, qədim Zəngəzur mahalının (indiki “Ermənistan”ın) Qafan rayonunun Qanlızəmi (sonralar Davidbəy) qəsəbəsində anadan olmuş, burada böyüyüb boya-başa çatmışdı.

Sonra dədə-baba yurdundan həmişəlik uzaq düşmüşdü. Torpaq itkisinin, Vətən nisgilinin nə demək olduğunu yaxşı bilirdi. 1992-ci ilin mayında Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra isə artıq dözə bilmədi, könüllü olaraq cəbhəyə yollandı. “Bir gün varıq, bir gün yoxuq - dedi, - öləndə də adam gərək kişi kimi ölsün”. Tahirin döyüş yolu belə başlandı...

Tahir İsa oqlu İsmayılov 1965-ci il yanvar ayının 19-da anadan olmuşdu. Ailədə dörd qardaş, üç bacı idilər. Tahir Davidbəy qəsəbə orta məktəbində oxumuş və 1982-ci ildə həmin məktəbi bitirmişdi.

1983-1985-ci illərdə isə Sovet ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra Bakı Pivə Birliyində əmək fəaliyyətinə başlamışdı.
1992-ci ilin mayında könüllü olaraq cəbhəyə gedən Tahir Ağdam rayonunun Xramord, Fərrux təpəliyi, Çuxurməhlə deyilən məntəqələrində hərbi əməliyyatlarda iştirak edir. Əvvəllər yaxşı topçu, sonralar isə tankçı, tankda nişançı olan Tahirin son döyüşü 1992-ci ilin oktyabr ayının 30-da Fərrux təpəliyində, Xramord istiqamətində olmuşdur. Həmin döyüşdə Tahir idarə etdiyi tankla erməni qoşunlarını yarıb xeyli irəli gedir, düşməni ağır itkilərə mə’ruz qoyur. Lakin arxadan kömək gəlmədiyindən onların tankı ermənilər tərəfindən vurulur.

Cəbhə yoldaşlarının dediklərinə görə, Tahir və tankın komandiri Elçin Namazov tankdan sağ-salamat çıxa biliblər. Sonra Tahir yaralanmış Elçini əvvəl qucağına götürərək, sonra çiyninə alaraq bir xeyli gətirib. Lakin ermənilər onları təzədən atəşə tutublar. Ondan sonra Tahirlə Elçinin taleyi haqqında heç bir məlumat yoxdur. Cəbhə yoldaşlarının dediklərindən belə çıxır ki, onları, yəni Tahirlə Elçini ermənilər əsir aparıblar.

Tahir evli idi. İki oğul yadigarı var: Anar və Vuqar.
Valideynləri, ailəsi hazırda Abşeron rayonunun Xırdalan qəsəbəsində yaşayırlar, üç qardaşı, üç bacısı var.

Oxşar xəbərlər:

Back to Top