
YAŞAR KAMİL OĞLU HEYDƏROV
Şəhidlər / I qarabağ 19 okt 2022, 11:341972-1992
(Novxanı kəndi)
Yaşar Kamil oqlu Heydərov 1972-ci il sentyabr ayının 20-dэ Abşeron rayonunun Novxanı kandində ana-dan olmuşdu. O, Novxanı kəndindəki M. Hüseynzadə adına orta məktəbin səkkizinçi sinfini bitirmişdi. Mehribançılığı, səmimiyyəti və çalışqanlığı ilə hamının hörmətini qazanmışdı.
1990-cı ildə hərbi xidmətə çaqırılan Yaşar altı ay Almaniya Demokratik Respublikasında qulluq etdikdən sonra Qroznı şəhərində hərbi xidmətini davam etdirmişdir. 1991-ci ildə isə SSRİ-nin daqılması ilə əlaqədar Azərbaycana qayıtmış və öz xahişi ilə cəbhə bölgəsinə getmişdir. O, Laçın, Ağdam, Goranboy, Naxçıvanik uğrunda gedən vuruşlarda iştirak etmiş, qəhrəmanlıq göstərmişdir. 1991-ci ilin dekabr ayında ayağından yara alıb geri qayıtmış, sağaldıqdan sonra yenidən cəbhə bölgəsinə yollanmışdır.
Altı ay sonra - 1992-ci il iyun ayının 12-də isə Naxçıvanik uğrunda gedən döyüşdə yenə də ağır yaralanmış, Bakıya hərbi xəstəxanaya gətirilmiş və burada ayağı kəsilmişdir. Lakin güllə zəhərli olduğu üçün Yaşarı xilas etmək mümkün olmamış və on gün sonra 1992-ci il iyun ayının 22-də o, dünyasını dəyişmişdir.
Novxanı kənd qəbiristanlığında dəfn olunub.
Yaşar subay idi. Qardaşı İbrahim N. Tusi adına Universitetin tələbəsidir.
Adı əbədiləşdirilərək Novxanı kəndindəki 13 saylı uşaq bağçasına verilib.